Mübariz Mənsimov: Mən bir faşistin, Sərkisyanın yanında oturmaq istəmədim
20.10.2009 - 13:49
Mübariz Mənsimov: Mən bir faşistin, Sərkisyanın yanında oturmaq istəmədim
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov oktyabrın 14-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bursa şəhərində keçilmiş Türkiyə - Ermənistan (2:0) matçına Azərbaycan bayrağının buraxılmaması barədə qərardan çox məyus olub. Apasport.az saytının məlumatına görə, Bursa Atatürk stadionunda qarşılaşmanı canlı izləyən Mənsimov Türkiyə mətbuatına müsahibəsində üçrəngli bayrağımıza qadağa qoyulmasını pis hadisə adlandırıb.

“Oyunu canlı izləyirdim. Türkiyə polisinin azarkeşlərdən Azərbaycan bayraqlarını topladığını gördüm. Bu, çox pis hadisədir. Birinci hissə başa çatdıqdan sonra ikinci hissəni gözləməyib, stadionu tərk etdim” - deyə həmyerlimiz vurğulayıb.

Mənsimov "Stadionu Azərbaycan bayraqlarının toplanmasına etiraz olaraq, tərk etdiniz” sualını belə cavablandırıb: “Xeyr. Mən bir faşistin, Sərkisyanın (Ermənistan prezidenti Serj Sərkisyan nəzərdə tutulur - red.) yanında oturmaq istəmədim. Bu səbəbdən çıxıb getdim. Burada çirkin oyunlar gedir. Türkiyənin, Azərbaycanın yaxşı niyyətlərindən sui-istifadə edirlər. Bu iki xalqı bir-birinə düşmən etmək istəyirlər. Ancaq bunu heç kim bacarmayacaq! Türkiyə və Azərbaycan xalqının birliyini kimsə poza bilməz!”

“Xəzər-Lənkəran”ın fəxri prezidenti əmin olduğunu bildirib ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunmayanadək Türkiyə - Ermənistan sərhədləri açılmayacaq: “Türkiyə və Ermənistan arasında protokolun imzalanması sərhədlərin açılması demək deyil. Protokolun Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunması vacib şərtdir. Cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, protokol imzalandı, ancaq Dağlıq Qarabağ problemi həll olunmadan, həyata keçirilməyəcək. Azərbaycan və Türkiyə xalqının baş nazirə güvənməsi lazımdır”.