Portuqaliya yığması Respublika stadionunu unutmayıb
24.10.2009 - 11:13
Portuqaliya yığması Respublika stadionunu unutmayıb
Dünya çempionatının seçmə mərhələsində uğursuz çıxış edib yalnız pley-off mərhələsinə vəsiqə qazanan Portuqaliya milli komandası qarşıdakı qarşılaşmalara hazırlaşır. Apasport.az saytının məlumatına görə, pireneylilər Bosniya və Herseqovina ilə keçirəcəkləri oyunlar ərəfəsində ciddi təlaş keçirirlər.

Portuqaliya Futbol Federasiyası hətta FİFA-ya da şikayət edib. Onlar noyabrın 18-də sabiq Yuqoslaviyada baş tutacaq cavab matçının Zenitsa şəhərinin “Bılino Polye” stadionunda baş tutmasından narazıdır. Görüşün başqa arenaya keçirilməsini tələb edən portuqaliyalılar bu meydanda ot örtüyünün bərbad olacağından narahatdır.

Ötən ilin yayında Azərbaycan milli komandasının da yoldaşlıq oyunu keçirib 0:1 hesabı ilə uduzduğu bu stadionun indiki vəziyyəti kifayət qədər yaxşıdır. Lakin qorxuya düşən Karlos Keyruş və yetirmələri qışın yaxınlaşması üzündən gözlənilən soyuq və yağışların arenanı bərbad vəziyyətə salacağından ehtiyatlanır. Stadionun beynəlxalq hava limanından 100 kilometrdən artıq məsafədə olmasını da əsas gətirən federasiyadan fərqli, Portuqaliya mətbuatı məsələyə fərqli yanaşır. Onlar Azərbaycanla Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən son oyunu da xatırlayır: “Zenitsada meydanın durumu pis ola bilər. Amma millimiz belə stadionlarda oynaya bildiyini sübut edib. Azərbaycan, Ermənistan və Qazaxıstanla oyunlar buna nümunədir”.

Qeyd edək ki, bir müddət əvvəl Portuqaliya futbolunun əfsanəsi Luiş Fiqu da karyerası ərzində oynadığı ən pis meydanlardan birinin Respublika stadionu olduğunu bildirmişdi.