Berti Foqtsun komandasından yenilik
24.10.2009 - 11:50
Berti Foqtsun komandasından yenilik
Almaniya Bundesliqasında bu gün Mönhenqladbax şəhərində keçiriləcək “Borussiya” – “Köln” matçı yeniliklə tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, Reyn derbisi kimi tanınan qarşılaşmanı izləyən azarkeşlər oyunu ayıq başla seyr etməyə məcbur olacaqlar.

Bu prinsipial rəqiblərin duelinin azarkeş qalmaqalına səbəb olmaması üçün atılan addımla bağlıdır. Belə ki, Mönhenqladbaxın ober-burqomistri Norbert Bude yeni qərar verib. Qərara əsasən, derbi günü səhər yerli vaxtla saat 09:00-dan oyunun başlayacağı 15:30-a qədər şəhərdə spirtli içkilərin satışı dayandırılacaq.

Qeyd edək ki, “Borussiya” Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun doğma klubu sayılır. 1965-1979-cu illəri əhatə edən futbolçu karyerası ərzində Foqts yalnız Mönhenqladbax təmsilçisinin şərəfini qoruyub. Klubuna sadiq qalan Foqts “Borussiya”da keçirdiyi 419 matçda 32 qol vurub.