“Türkiyədə olsaydım, Azərbaycan bayrağını stadiona keçirərdim” - MÜSAHİBƏ
24.10.2009 - 12:06
“Türkiyədə olsaydım, Azərbaycan bayrağını stadiona keçirərdim” -  MÜSAHİBƏ
Tovuzun “Turan” klubunun sabiq türkiyəli baş məşqçisi Naci Şensoyun müsahibəsi

- Salam Naci bəy, necəsiz?
- Çox sağ olun, yaxşıyam. Hazırda futbolçularla birgə avtobusla Sofiyaya gedirik. Sabah (bu gün) "Lokomotiv"lə qarşılaşırıq.

- Çempionat oyunudur?
- Bəli.

- Komandanızın Bolqarıstan çempionatında işləri necə gedir?
- 9 oyundan sonra 16 komanda arasında 12 xalla 8-ci pillədə qərarlaşmışıq. Üç qələbə, 3 heç-heçə və bir o qədər də məğlubiyyətimiz var. Qeyd edim ki, rəhbərlik ötən mövsüm sərəncamımda olan bir neçə güclü futbolçunu satmaq qərarına gəldi. Ona görə də qarşıma yalnız aşağı diviziona düşməmək tapşırığı qoyulub. Yetirmələrimin orta yaş həddi 22-yə bərabərdir. Bolqarıstanda yeganə komandayıq ki, heyətimizdə bir nəfər də olsun, əcnəbi yoxdur. Bir əcnəbi var, o da mənəm. Bura bir məktəbdir. Təsadüfi deyil ki, Dimitar Berbatov məhz bu futbol məktəbində formalaşıb.

- Belə çıxır, Bolqarıstanda futbolçu yetişdirməklə məşğulsuz.
- Demək olar, elədi. Düzdü, çox istərdim ki, güclü kollektiv formalaşdırıb, çempionluq uğrunda mübarizə aparım. Ancaq göründüyü kimi, rəhbərlik başqa siyasət yürüdür. Ötən mövsüm yetirməm olmuş 19 yaşlı Delevi Sofiya ÇSKA-sı israrla heyətinə qatmağı bacardı. Həmçinin onunla həmyaşıd olan Kodurovu da "Liteks"ə satdıq. Bəziləri də Yunanıstan və Cənubi Kiprə yollandı.

- "Pirin"nin maliyyə durumu necədir?
- Blaqoyevqrad Tovuz boyda şəhərdir. Burda çalışan 15-ə yaxın iş adamı toplaşaraq, komandamıza sponsorluq edir. Maliyyə vəziyyətimiz normaldır.

- Belədisə, mövsümöncəsi hansısa azərbaycanlı futbolçunu komandanıza cəlb etmək mümkün deyildi?
- Bir neçə azərbaycanlı futbolçunu məmnuniyyətlə yanıma gətirmək istərdim. İnanın, istəsəm belə, bu mümkün deyil.

- Niyə?
- Dediyim kimi, "Pirin" rəhbərliyinin yürütdüyü siyasət burda əcnəbinin oynamasına imkan vermir. Yalnız bolqarıstanlı gəncləri yetişdirərək, satmaqda maraqlıdılar. Məndən olsa, komandama ən azı 2 azərbaycanlı cəlb edərdim.

- Ölkə çempionatı başlamamışdan öncə sizə başqa klublardan dəvətlər vardı?
- Nəinki çempionatdan öncə, indi də zəng zəngin dalınca gəlir. Bir neçə yerli klub xidmətimdə maraqlıdı. Həqiqətən 18-20 yaşlı futbolçularla qazandığımız nəticələr hazırda Bolqarıstanda geniş söz-söhbətə səbəb olub. Hamı bizdən danışır. Ötən il kubokun finalında 0:1 hesabıyla yenildiyimiz "Liteks"i bu mövsüm səfərdə eyni hesabla yenməklə cavab verdik. Çempionatın lideri ÇSKA 9 oyunun 8-də qalib gəlib və 1 dəfə heç-heçə oynayıb. O da bizə qarşı. Matçdan sonra sofiyalıların baş məşqçisi bildirdi ki, "Pirin"dən 1 xal aldığımıza görə çox sevinirəm. Özüm bir kənara, artıq 5-6 futbolçumu gözaltı ediblər.

- Bolqarıstanda olduğunuz müddətdə elə an oldumu ki, rəhbərliyə Azərbaycana qayıtmaq istədiyinizlə bağlı ismarıc göndərəsiz?
- Onsuz da mən deməsəm belə, onlar Azərbaycanı nə qədər çox sevdiyimi və orda çalışmaqda maraqlı olduğumu çox yaxşı bilir. Həqiqətən Azərbaycandan çox ciddi və iddialı klubdan dəvət gələrsə, rəhbərliklə masa arxasında əyləşib, onları razı salmağa çalışaram. Klub rəhbərliyi rəhmətlik Ramiz Mirzəyevin dönəmində Azərbaycan yığmasını çalışdırmağa bir nömrəli namizəd olduğumdan da xəbərdardı.

- Türkiyə millisi vacib xallar itirərək, DÇ-dən kənarda qaldı. Sizcə, yığmanızın mundiala yollanmasına nə mane oldu?
- İnanın, bu mənə çox pis təsir etdi. Mətbuatda yazılanları oxuyuram. Hamı bir fikir səsləndirir. Fikrimcə, futbolçularda heç bir günah yoxdu. Türkiyə millisi eyni futbolçularla əvvəl də müəyyən uğurlar qazanmağı bacarmışdı. Günahkar Fatih Terimdi. Onun yaxşı cəhətləri olduğu kimi, pis cəhətləri də var. Terim özünü sevən insandı. Bu da futbolçuların çıxışına təsir göstərirdi. O vaxt "Qalatasaray"la UEFA kubokunu qazananda hamı onu dağın başına qaldırırdısa, indiki uğursuzluqlara baş məşqçi birbaşa cavabdeh və səbəbkardır. Oynadıqları bütün matçlarda Türkiyə millisinin bir nömrəli rəqibi Terim olub.

- Türkiyə millisinin Ermənistanla Bursadakı keçirdiyi matçda FİFA stadiona Azərbaycan bayraqlarının keçirilməsinə qadağa qoydu. Buna münasibətiniz necədi?
- Bu qərarı eşidəndə çox üzüldüm. Demokratik ölkədə kimin kiməsə olan sevgisinə, məhəbbətinə sərhəd qoymaq olmaz. Türkiyəylə Azərbaycan arasında sevgiyə FİFA-nın qadağa qoyması yanlış qərardı. Kimsə gəlib mənə deyə bilər ki, sən niyə alman qızını sevirsən? Əlbəttə, yox! Eləcə də Azərbaycanla Türkiyə arasında olan sevginin bayraqla ifadə olunmasında FİFA-nın işə müdaxiləsini haqsızlıq adlandırardım.

- Gəlin razılaşaq ki, bu qərarı FİFA-dan öncə Türkiyə Futbol Federasiyası ortaya atmaqla bir növ dünya futbol qurumunun gözünü açmış oldu.
- Azərbaycan xalqının başverənlərə daha soyuqqanlı yanaşmasını istəyirəm. Ola bilsin, Türkiyənin yürütdüyü siyasət yanlışdı. Ancaq Azərbaycan xalqı Türkiyə hökumətiylə onun xalqına eyni gözlə baxmamalıdı. Biz hər zaman azərbaycanlılarla qardaş olmuşuq. Bu qardaşlıq tarixdə də sözünü deyib. Məşqçi olduğumdan siyasi işlərə qarışmaq istəmirəm. Məni Azərbaycan və ona bağlayan sevgidi. İnanın, Ermənistanla oyun zamanı Türkiyədə olsaydım, nə olur-olsun, Azərbaycan bayrağını stadiona keçirərdim. Lap məni dəyənəklər altına salsalar belə. FİFA mənim sevgimə məhdudiyyət qoya bilməz. Onların çıxardığı qərara razılıq verməyin özü böyük səhvdi.

- Ancaq Ermənistanla Türkiyə arasındakı sərhədlər açılır.
- Xahiş edirəm, siyasətlə bağlı suallar verməyin. Əsəbləşib elə söz deyərəm ki, bir anda vətən xaininə çevrilərəm. Naci Şensoy olaraq bildirirəm ki, bütün qərarlar yanlışdı.

- Bir az da Azərbaycan futbolundan danışaq. Son vaxtlar ölkəmizdə başverənlərdən xəbərdarsızmı?
- Əlbəttə. Elə şey olar, nəyisə bilməyim?

- Qyoko Hacıyevski "Bakı"nın baş məşqçisi postundan istefa verdi.
- Bilirəm.

- Bəs onun yerinə kim gətirildi?
- Bülənt Korkmaz.

- Məşqçi olduğunuz dönəmdə Korkmaz nəvaxtsa rəhbərliyiniz altında çıxış edibmi?
- Elə bir şey olmayıb. Ancaq mən "Fənərbağça"da işləyərkən o bizə qarşı "Qalatasaray" formasında bir neçə dəfə çıxış edib.

- Türk futboluna daha yaxın olan biri kimi, sizcə, Korkmaz bu işin öhdəsindən layiqincə gələ biləcəkmi?
- Bülənt həyatda qazandığı bütün uğurlarına sırf əzmkarlıq və işinə olan istək nəticəsində nail olub. Unutmayın ki, o daim minimum bacarıqla maksimum nəticələr qazanmış biridi. O, futbolçu dönəmində o qədər də savadlı və fiziki göstəriciləri yüksək olmayan biri idi. Ancaq daim öz üzərində işləyərək, heç kimdən geri qalmamağa çalışırdı. Büləntin çalışqan xarakterinə heyranam. Mənim kimi məğlub olmağı sevmir. Açıq danışaq, onun məşqçi kimi böyük təcrübəsi yoxdu. Lakin futbolçu olduğu dönəmdəki əzmkarlığını indi də ortaya qoya bilsə, "Bakı" çox şey qazanacaq. Mənim ona hədsiz inamım var və sizin də güvənməyinizi istəyirəm.

- "Turan"nın çıxışını izləyirsiz?
- Bilirəm ki, 2 xalla son pillədə qərarlaşıblar. Rəhbərlikdə bəzi dəyişikliklər edilib. Tahir Süleymanov kimi dəyərli bir insan "Turan"dan ayrılmaq qərarına gəlib. Fikrimcə, Süleymanovun belə bir vəziyyətdə Tovuzda qalması lazım idi.

- Ölkə çempionatının son turunda sabiq komandanız evdə "Karvan"ı məğlub edərək, 5 xalla 10-cu sıraya yüksəldi. Qollardan birinə Nadir Nəbiyev imza atdı.
- Doğurdan? Bax, belə olmalıdı. Bilirəm, Nadir Nəbiyev də, Ruslan Abbasov da Tovuz futbolu naminə aşağı şərtlər altında yenidən komandaya qayıdıb. Azərbaycan futbolunda Tovuz ruhunun öz yeri var.

- Hər zaman sizinlə əlaqə saxlayarkən futbolumuz haqda məlumatlı olduğunuzu hiss edirik. Bu bilgiləri hardan əldə edirsiz?
- İnternetdən. Hər səhər yuxudan durub, əl-üzümü yuduqdan sonra Türkiyə mətbuatına göz gəzdirib, Azərbaycan saytlarındakı xəbərlərlə tanış oluram.

- Azərbaycan çempionatında çıxış edən hansısa autsayderi mövcud durumdan qurtarmaq üçün sizə müraciət edilsə razılaşarsız?
- Hələlik "Pirin"lə maya kimi müqaviləm var. Bu gün bunu istəsəm belə, klub rəhbərliyi şərtləri əsas gətirərək, Azərbaycana gəlməyimi əngəlləyə bilər. Ancaq iddialı və çempionluğa oynayan klubdan dəvət gəlsə, onlarla söhbət edə bilərəm. Deyərəm ki, baxın, Azərbaycandan tanınmış bir klub mənimlə maraqlanır və ora gedişim sizin üçün də xeyirlidi. Belədə hazırda rəhbərliyim altında oynayan bir neçə gənc futbolçunu da özümlə aparmağım mümkündü. Yalnız belə şərtlərlə ikinci vətənimə dönüşüm mümkündü.

- Miilimizin son iki oyunda göstərdiyi nəticələrdən xəbərdarsız?
- Əlbəttə. Lixtenşteynlə səfər qarşılaşmasında bizimkilər 2:0 hesabıyla qalib gəldi. Ruslarla Bakıda 1:1 oynadılar. Bütün qolları izlədim. Çox sevinirəm ki, tələbəm Elvin Məmmədov hazırda yığmanın aparıcı isimlərindəndi. Yadınızdan çıxmayıbsa, o vaxt mətbuata açıqlamamda Azərbaycan futbolunda ikinci Mahmud Qurbanovun yetişdiyini bildirmişdim. Belə də oldu. Hadisələri öncədən təxmin etmək hisslərim məni heç vaxt yanıltmayıb. Elvinin futbolçu kimi yetişməsində bilirsiz nə qədər əməyim var? Həmçinin Cavid Hüseynov, Kamran Ağayev və Vurğun Hüseynovun. Kamran Ağayevi "Turan"a mən gətirdim. Cavidi küçə futbolundan tapıb çıxardım. Həmin cavan uşaqlarla mənim komandam çempionluğa oynayırdı. Həmçinin həmin dönəmdə rəhbərliyim altında çıxış edən futbolçulardan 5-i U-21-ə dəvət olunurdu. İndi çempionluq uğrunda mübarizə aparan hansısa komandanın U-21-ə 5 futbolçu verdiyinin şahidi ola bilərsiz? "İnter", "Xəzər Lənkəran" yaxud "Bakı"nın heyətindəki futbolçuların ortalama yaş həddinə baxın. Haciyevski kimi gedib peşəkar futbolçuları alıb gətirməyə nə var ki. Hamının başı heyətini əcnəbilərlə gücləndirməklə çempion olmağa qarışıb. Bəs gənclər harda inkişaf edəcək?

- Noyabrda Berti Foqtsla müqavilənin müddəti başa çatır. Sizcə, onunla olan əməkdaşlığı davam etdirmək olarmı?
- Siz mənə deyin görüm, Foqts hansı nəticələrə imza atıb? 10 oyuna 5 xal, düzdü? Sizi əmin edirəm ki, həmin şərait Azərbaycanın ən savadsız məşqçisinə də yaradılsaydı, o da bunu təkrarlamağı bacarardı. Həmin imkanlar qarşılığında onun verdiyi fayda sıfıra bərabərdi. Məgər Serbiyanın ən güclü vaxtlarında onlardan 4 xal alan yerli məşqçi olmamışdı? Yoxsa Slovakiyanı, İsveçrəni Foqts məğlub etmişdi. Ümumiyyətlə, onun Azərbaycana gətirilməsi düzgün qərar deyildi. Ancaq adamın heyfi gəlir ona verilən 2 milyon dollara. İndi oturub, millinin əvvəlki nəticələrinə də göz gəzdirsin. Almanlar doğrunu sevən olur. Mətbuat qarşısına çıxıb etiraf etsin ki, aldığım pullar qarşılığında bu, mənim adıma yaraşmayan çıxışdı. Foqts istəsə, daha yaxşı nəticə göstərə bilər. Bunun üçün xüsusi istək lazımdı. Bundan sonra "mənə vaxt lazımdı" deyə bilməyəcək. İki ilə yaxındı Azərbaycandasan və hər şeylə yaxından tanışsan. Fikrimcə, onunla daha birilliyə anlaşmaq olar.

Mənbə: Futbol+