Azərbaycanlı jurnalistlər “Fənərbaxça” - “Qalatasaray” derbisində!
24.10.2009 - 12:39
Azərbaycanlı jurnalistlər “Fənərbaxça” - “Qalatasaray” derbisində!
Peşəkar Futbol Liqası və ölkə çempionatının sponsoru Unibank növbəti layihəsini gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının təşkilatçısı olan iki qurum Azərbaycan jurnalistlərinə görmədikləri bir həyəcan bəxş edir.

Belə ki, ölkə futbolunu işıqlandıran aparıcı mətbu orqanlarının nümayəndələri üçün türk futbolunun ən böyük derbisini canlı izləmək şəraiti yaradılıb. İstanbula 2 günlük səfər təşkil edən Unibank və PFL həmkarlarımızı “Fənərbaxça” - “Qalatasaray” matçına aparır. Superliqanın X turunun sabah keçiriləcək bu qarşılaşması yerli vaxtla saat 19:00-da başlayacaq. Unibank sabah səhər saatlarında qonaq ölkəyə yola düşən heyətin bütün xərclərini üzərinə götürüb. Bu səfərlə bağlı “Derbi nədir” qısametrajlı filminin çəkilişi də nəzərdə tutulub.

Qeyd edək ki, İstanbul klubları Türkiyə çempionatının ilk iki pilləsində qərarlaşıb. Derbi ərəfəsində “Fənərbaxça” 24, “Qalatasaray” isə 22 xala malikdir.