Mircavadov qələbədən, Pokora nağıl danışdı
24.10.2009 - 19:47
Mircavadov qələbədən, Pokora nağıl danışdı
Unibank Premyer Liqasının VIII turunda "Xəzər-Lənkəran" qəbul etdiyi "Simurq" klubunu məğlub etməklə, rəqibin 5 oyunluq qələbə seriyasını qırdı. Apasport.az saytının xəbərinə görə, oyundan sonra təşkil olunan mətbuat konfransında cənub təmsilçisinin baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, yetirmələrinin çıxışından razı qalıb.

“Bugünkü oyunda qalib gəlməyi qarşımıza məqsəd qoymuşduq və buna da nail olduq. Komandamız təmiz qələbə qazandı, rəqibi bütün komponentlərdə üstələdik. Onların topa nəzarət etməsinə imkan vermədik. Azarkeşlərimizi də bu qələbə münasibəti ilə təbrik edirəm” – deyə Mircavadov əlavə edib.

"Simurq" klubunun baş məşqçisi Roman Pokora, isə vurğulayıb ki, hər bir nağılın əvvəli olduğu kimi, sonu da var: “Beş oyunluq qələbə seriyamız var idi. Bu gün oyunumuz alınmadı və məğlub olduq. Bu seriyanın qırılmasına çox təəssüf edirəm".

Qeyd edək ki, “Xəzər-Lənkəran” qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.