200 gündən sonra: eyni stadion, eyni hakim və 4:0
04.11.2009 - 16:45
200 gündən sonra: eyni stadion, eyni hakim və 4:0
Ağdamın “Qarabağ” klubu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna qayıdışını böyük hesablı qələbə ilə qeyd edib. Apasport.az saytının hesablamalarına görə, 37 yaşlı Qurban Qurbanovun çalışdırdığı komanda sonuncu böyük hesablı qələbəsini ötən mövsüm qazanmışdı. Bu, ölkə çempionatının XXII turu çərçivəsində aprelin 18-də MOİK-lə keçirilən oyunda baş verib - 3:0.

Bundan sonra ev oyunlarını Ağdamda Quzanlı qəsəbə stadionunda keçirən “Qarabağ” qələbələrini minimal fərqlə qazanır, ən yaxşı halda isə bir oyunda 2 qol vurub. Bunun da nəticəsidir ki, ağdamlılar cari çempionatda keçirdiyi 9 matçda 8 dəfə rəqib qapısına yol tapıblar. Düzdür, “Qarabağ” ölkə kubokunun 1/8 final mərhələsində I divizion təmsilçisi “Şahdağ”la (Qusar) görüşdə də rəqibin ciddi müqaviməti ilə üzləşib. Lakin fasilədən sonra Qurbanovun yetirmələri istəklərinə çatıblar - 4:0. Bununla da, “Qarabağ” 200 gündən sonra yenə Suraxanıda böyük hesablı qələbəyə sevinib. Özü də Rauf Cabbarovun idarə etdiyi oyunlar “Qarabağ”a düşərli olur. Ağdamlılar sonuncu böyük hesablı qələbəni də bu gənc hakimin fit çaldığı görüşdə əldə ediblər.