“1/4 finala mənim komandam çıxacaq”
04.11.2009 - 17:33
“1/4 finala mənim komandam çıxacaq”
“Ölkə kuboku çərçivəsində evdə keçirdiyimiz oyunda əsas məqsədimiz qapımızdan top buraxmamaq və bacardıqca çox qol vurmaq idi. Biz “Qəbələ” ilə oyunda buna nail olub, qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinə qələbə ilə başlayan paytaxt təmsilçisi bu gün “Şəfa” stadionunda “Qəbələ”ni moldovalı hücumçu Anatoli Doroşun dublu sayəsində məğlub edib (2:0). Bununla da, Abdullayev vaxtilə rəhbərliyi altında çıxış etmiş gənc həmkarı Ramiz Məmmədovdan ötən mövsüm kubokdakı uğursuzluğun əvəzini çıxıb. “Olimpik-Şüvəlan”ın çalışdırıcısı 1/4 finala çıxacaqlarına da inanır: “Qəbələ” ilə oyunda iki fərqli hissə oldu. Fasilədən sonra etdiyim əvəzetmələr özünü doğrultdu. İkinci hissədə qısa zamanda vurduğumuz 2 qol görüşün taleyini həll etdi. Vacib qələbə qazandığımıza görə çox şadam. İnanıram ki, komandamız cavab görüşündə mərhələ keçmək üçün lazımi nəticəni əldə edəcək”.

Qeyd edək ki, “Qəbələ” və “Olimpik-Şüvəlan” arasında ikinci matç bir həftədən sonra keçiriləcək.