Qurban Qurbanov “Qalatasaray”ı seçməsinin səbəbini açıqladı
09.01.2010 - 12:50
Qurban Qurbanov “Qalatasaray”ı seçməsinin səbəbini açıqladı
“Qalatasaray”a rəğbətim var. Bu komandanın və baş məşqçisi Frank Raykaardın oyun fəlsəfəsini bəyənirəm. Bu səbəbdən “Qalatasaray”ı seçdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Qalatasaray TV”ə açıqlamasında deyib.

İstanbul təmsilçisinin televiziyası bir müddətdir “Cim Bom”un düşərgəsində təcrübə keçən 38 yaşlı çalışdırıcımızdan müsahibə götürüb. “Qalatasaray”ın hazırlıq prosesini canlı izləməkdən məmnun olan Qurbanov hisslərini türkiyəli həmkarımızla bölüşüb: “Qalatasaray” həqiqətən də yaxşı komandadır. Məşqlərdə bunun fərqi bilinir”.

“Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Korkmaz cari mövsümdə “Bakı”nın baş məşqçisi olmaqla, azərbaycanlı həmkarına rəqib olub. Qurbanov 42 yaşlı Korkmazın fəaliyyətini uğurlu hesab edir: “Təbii ki, Bülənt Korkmaz futbolda öz sözünü demiş birisidir. O, az zamanda böyük işlər görüb. Korkmazın komandası mövsümün ikinci yarısında daha yaxşı olacaq”.

Qeyd edək ki, Qurbanovla Korkmazın komandalarının Unibank Premyer Liqasının son turunda Ağdamdakı görüşü qolsuz heç-heçə nəticələnib.
0