Bakıda het-trik etdi, Avropada bombardir oldu - FOTO
09.01.2010 - 14:04
 Bakıda het-trik etdi, Avropada bombardir oldu - FOTO
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən azı 7 qol vuran oyunçuların yer aldığı sıralamaya yapon Şinij Okazaki başçılıq edir. Onun Londonun “Çelsi” klubundakı tanınmış həmkarı Didye Droqba kimi hesabında 15 qol var.

Ancaq Okazakinin 1-ci olması onun yığmada daha çox fərqlənməsi ilə bağlıdır. Məsələ ondadır ki, futbolçuların yığma və klubun heyətində beynəlxalq miqyasda vurduğu qolları nəzərə alanan İFFHS milli komandada göstəricilərə üstünlük verir.

85 nəfərin yer aldığı siyahıda ötən il milli komandamıza qol vuran futbolçular da var. Bunlar Bakıdakı yoldaşlıq görüşündə (6:0) het-trik edən ispan hücumçu David Vilya (4-cü yer, 14 qol, “Valensiya”), bir qol vuran komanda yoldaşı David Quiza (69-cu yer, 7 qol, “Fənərbaxça), Hannoverdəki rəsmi oyunda (4:0) yığmamızın qapısına yol tapan alman hücumçu Lukas Podolskidir (43-cü yer, 8 qol, “Köln”).

Yeri gəlmişkən, siyahıda avropalıları fərqləndirsək, Vilya qitəmizin bombardiridir. Siyahıda “Qalatasaray” klubunun futbolçularından çexiyalı Milan Baroş (10-cu yer, 12 qol), avstraliyalı Harri Kyuell (76-cı yer, 7 qol) və konqolu Şabani Nonda (83-cü yer, 7 qol) düşüb.

Qeyd edək ki, İFFHS-nin genişlənmiş siyahısında Azərbaycandan ən məhsuldar futbolçular braziliyalı hücumçu Feliks Felipe Almeyda ilə onun milli komandamızdakı həmkarı Vaqif Cavadovdur. Hər ikisinin hesabında 4 qol var. Feliks qollarını artıq yollarını ayırdığı “Bakı”nın heyətində keçən yay avrokuboklarda vurub. “Qarabağ”ın heyətində Avroliqada rəqib qapısına yol tapa bilməyən Vaqif isə 4 qolu yığmada vurub.
0