“Qarabağ” o səviyyəyə yüksəlməyib” - MÜSAHİBƏ
12.01.2010 - 00:41
“Qarabağ” o səviyyəyə yüksəlməyib” - MÜSAHİBƏ
Dekabrın 26-dan başlayaraq Unibank Premyer Liqasında fasilə yaranıb. Bu fasilə fevralın birinci həftəsinə qədər davam edəcək. Artıq komandaların hamısı təlim-məşq toplanışına start verib. Kimisi ölkə daxilində, kimisi də xaricdə hazırlıq keçirirlər. Fürsətdən istifadə edib, fiziki hazırlıq üzrə tanınmış məşqçi Gəray Qarayevdən klubların çıxışını təhlil etməsini xahiş etdik.

- Arxada qalan 17 tur barədə nə deyə bilərsiniz?
- Ən yaxşı çıxış edən komanda “İnter” oldu. Bu komanda məzmunlu, baxımlı, sürətli və müasir futbolun elementlərini nümayiş etdirdi. Leonardo Roşa yüksək səviyyəli, texnikalı, sürətli və ağıllı futbolçudur. Təbii ki, komanda yoldaşları da meydanda ona kömək edirlər. Paytaxt təmsilçisinin əsas problemi müdafiə xətti ilə bağlıdır. Yəni arxa xətti mütləq gücləndirməlidir. Çünki komandanın vurduğu və buraxdığı topların nisbətinə diqqət yetirsək, problemlərin olduğu qabarıq şəkildə özünü büruzə verir. Əksər mütəxəssislər “İnter”in total futbol oynadığını deyir. Total futbolun öz qaydaları var. Yəni sürətli hücuma keçən komanda geri qayıdarkən, müdafiəçi yarımmüdafiəçinin, yarımmüdafiəçi müdafiəçinin yerini doldurmalı, bir-birini sığortalamalıdır. Əfsuslar olsun ki, “İnter”in oyunçuları bu sahədə “axsayırlar”. “İnter”in digər çatışmazlığı “qızıl xallar”ın sayına görə xeyli geridə qalmasıdır.
“Qarabağ”a gəldikdə, Ağdam təmsilçisi yayda ölkəmizi qitəmiqyaslı yarışlarda layiqincə təmsil etdi. Onlar yüksək reytinqə malik “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırdı, amma “Tvente”yə məğlub oldu. Əslində, Hollandiya təmsilçisiylə oyunu “Qarabağ”ın zəifliyi kimi səciyyələndirmək də olmaz. Sadəcə, ölkə kubokunun son sahibi o səviyyəyə yüksəlməyib. Çempionata gəldikdə, onlar daxili oyunlara yaxşı başlasa da, son matçlarda qolsuz heç-heçələrlə yadda qaldı. Bu da oyunçuların yorğunluğu ilə bağlı idi. Çünki komandanın əksər oyunçusu həm də millinin formasını geyinir. Üstəlik, ev oyunlarını keçirmək üçün Ağdama getməsi də komanda üzvlərində yorğunluq yaradır.
“Xəzər-Lənkəran”da futbolçular arasında əlaqənin, anlaşmanın yüksək səviyyədə olduğunu deyə bilərəm. Bu komanda cari birinciliyə uğursuz start versə də, pillə-pillə irəliləyərək fasiləyə üçüncü yerdə yollandı. Lənkəran təmsilçisinin üstünlüyü vurduğu və buraxdığı qolların balanslaşdırılmasındadır. “Xəzər-Lənkəran”ın hər üç xəttində oyunçular taraz yerləşdirilib. Məsələn, Souza hücumdakı liderliyini qoruyursa, Kamran da “çərçivə”də birincidir. Komanda turnir strategiyasını düzgün qurub. Bu da təcrübəli Ağasəlim Mircavadovdan qaynaqlanır.
“Neftçi” ağır günlərini yaşadı. Məşqçi dəyişikliyi baş verdi. Təbii ki, yeni məşqçinin gəlişindən sonra bəzi futbolçular özlərini yaxşı göstərmək üçün bir neçə oyunu yüksək səviyyədə keçirdi. Ancaq fasiləyə yaxın futbolçular bunu davam etdirə bilmədilər. Komandanın 11 oyunda məğlub olmaması da müsbət məqamdır.
Son çempion “Bakı” isə yayda ağır oyunlar keçirdi. Bu komandada da baş məşqçi dəyişikliyi baş verdi. Bülənt Qorxmaz Qyoko Hacıyevskidən qalan mirası dəyərləndirməyə çalışsa da, nəticə ürəkaçan olmadı. Buna görə də çempionatın gedişində müəyyən dəyişikliyə əl atdı. Nəticədə komanda uzaq düşdüyü “altılığ”a geri döndü. “Bakı”nın yeni heyətlə Moskvadakı turnirdə ölkəmizi layiqincə təmsil edəcəyini gözləyirik. Amma bunun üçün komandanın çox az vaxtı var. Üstəlik, “zolaqlılar”ı çempionatda ağır oyunlar gözləyir.
“Altılığ”ı “Simurq” qapayır. Sərhəddə yer alan komanda mövsümə uğurlu başladı. Lakin son oyunlarda bu çıxışı davam etdirə bilmədi. Zaqatala təmsilçisi “qızıl xallar”ın sayına görə Lənkəran klubu ilə zirvədədir. Amma bunun üçün Pokoranın yetirmələri “altılığ”a düşməlidir. Əks halda bunun faydası olmaz.

- Qeyd etdiniz ki, “Simurq”, eləcə də “Qəbələ”, “Muğan”, “Olimpik-Şüvəlan” da çempionata pis başlamadılar. Amma bu çıxış sona qədər davam etmədi. Bunun səbəbini izah edə bilərsiniz?
- “Xəzər-Lənkəran”ın düzgün strategiya qurduğunu əbəs yerə qeyd etmədim. Yəni baş məşqçi 22 oyundan sonra keçiriləcək digər 10 matçı da nəzər almalıdır. Məncə, “Qəbələ”, “Simurq”, “Olimpik-Şüvəlan” kimi komandaların düzgün strategiya qurmaması ilə bağlıdır. Yəni illik planlaşdırmada hər şey nəzər alınmalıdır. Bir neçə məsələyə toxunacağam ki, bu nəinki strategiya, ümumiyyətlə klubun düzgün formalaşdırılması ilə bağlıdır.

- Toxunmaq istədiyiniz məsələlər hansılardır?
- “Qarabağ” Azərbaycanı Avropada niyə lazımınca təmsil etdi? Çünki komanda bu oyunlar üçün xüsusi hazırlıq keçmişdi. Yəni 5 kriteriya var ki, bunlar klubun formalaşmasında, uğur qazanmasında vacib əhəmiyyət kəsb edir.

- Həmin kriteriyalar hansılardır?
- Maliyyə qaynaqları. Tükənəndir, tükənməzdir, dünyanı bürüyən maliyyə böhranının təsiri var, ya yox.
İnfrastruktur. Bura komandanın texniki heyəti, təlim-məşq bazaları, menecerlik sistemi, rəhbəri, idarəçiləri və s daxildir.
Təlim-məşq bazaları. Bu gün Premyer Liqada mübarizə aparan klubların heç də hamısının özünəməxsus bazası yoxdur.
Texniki heyət. Bura baş məşqçi, onun köməkçiləri, menecerlər, eyni zamanda klub rəhbərliyi də daxildir.
Nəhayət, sonuncu kriteriya komandanın komplektləşdirilməsidir. Məsələn, “Qarabağ” Azərbaycanın üzdə olan istedadlı futbolçularını heyətində cəmləşdirib.

- Artıq Premyer Liqa təmsilçiləri hazırlığa start veriblər. Necə fikirləşirsiniz, 2-3 ay istirahət etməyə öyrəşmiş klublarımız bu qısa müddətdə mövsümün qalan hissəsinə yaxşı hazırlaşa biləcəklərmi?
- Qış fasiləsi bir fürsətdir. Kim bundan yüksək səviyyədə istifadə edəcəksə, faydasını mütləq görəcək. Fasilədə ən çətin vəzifəni “Bakı” yerinə yetirəcək. Son çempion yanvarın 3-də hazırlığa start verib. Yanvarın 16-dan başlayaraq isə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda çıxış edəcək. Bu turnirdə “Bakı”nı çətin oyunlar gözləyir. Komanda ilk növbədə heyəti komplektləşdirməli, yeni transferlərin fiziki hazırlığının yüksək səviyyəyə çatdırılmasına nail olmalıdır. Daha sonra taktiki-texniki cəhətdən futbolçunu hazırlamalıdır. Bildiyimə görə, minimum 5 futbolçu ilə anlaşıblar. İndi onların uyğunlaşmasına və komandanı vahid ansambl halına gətirmək vacibdir. Bəs nəyi tövsiyə edərdim? Fiziki hazırlığın müəyyən mərhələləri var - ümumi hazırlıq, xüsusi hazırlıq, oyunqabağı və oyun mərhələləri. Təbii ki, bu hazırlıq müddətində orqanizm bir fəaliyyət normasından digərinə keçməlidir. Yəni əzələ qruplarının yenidən hazırlanması lazımdır. Bu zaman əzələ qruplarında reaktivlik, cəldlik itir. Onda taktiki vərdişlər də sıfıra enir. Ona görə də komanda ümumi hazırlıq mərhələsindən xüsusiyə - texniki hazırlığa, texniki mərhələdən oyunqabağı hazırlığa, daha sonra isə yoldaşlıq oyununa hazırlığa keçməlidir. “Bakı” birbaşa oyunqabağı hazırlıq mərhələsindən başlamaq məcburiyyətindədir. Son çempion daha sonra Premyer Liqada çətin oyunlar keçirəcək ki, bunun nəticəsində də “altılığ”a düşüb-düşməyəcəyi məlum olacaq. Bir də futbolçuların nəzəri cəhətdən hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır. Bu gün bizim futbolçular nəzəri cəhətdən yaxşı hazırlaşdırılmayıblar. Hətta nəzəri hazırlıq fiziki hazırlıqdan belə geri qalır. Futbolçunun texniki-taktiki hazırlığı, meydanda görəcəyi iş, yaxaladığı epizodlardan istifadəsi, tamaşaçılara münasibəti və s nəzəri hazırlığa daxildir. Yəni beyin nəzəri cəhətdən hazır olmalıdır ki, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirsin.

- Siz həm də aşağıyaşlı futbolçulardan ibarət komandalar arasında təşkil edilən çempionat oyunlarına hakim-inspektor kimi təyinat alırsınız. Bu oyunlarda şahidi olduğunuz və bir məşqçi kimi sizi narahat edən əsas məqamlar hansılardır?
- Bu gün klublarımız formalaşır, maliyyə baxımından zənginləşir, uşaq futboluna xüsusi diqqət göstərilir. Sevindirici haldır ki. AFFA 13, 15, 17 yaşlı futbolçulardan ibarət komandalar arasında çempionat keçirir. Buna əvəzediciləri və həvəskarları da əlavə etsək, nə qədər insanın futbolla məşğul olduğunun şahidi oluruq. Ona görə də bu sahədə çalışanlar maksimum diqqətli olmalıdırlar. Çünki Azərbaycan futbolunun gələcəyi qurulur. Təbii ki, bu işdə assosiasiyaya kömək etmək lazımdır. AFFA-nın təkbaşına bu işin öhdəsindən gəlməsi çox çətindir. Məncə, bu gün əsas problemimiz yüksək səviyyəli mütəxəssislərin az olması ilə bağlıdır. Xüsusilə də başlanğıcda bu problem özünü qabarıq göstərir. 6-7 yaşlı uşaqlara kimlər texniki elementlər, futbol anlayışı verir, kimlər onları motivasiya edir, yetişdirir. Buna diqqət yetirməliyik. 13, 15, 17 yaşlı komandalarda işləyən məşqçilərin uşaqlarla rəftarı, onlarla ünsiyyət qurması, qayğı göstərməsi hansı səviyyədədir. Bu, məni çox narahat edir.

“Futbol dünyası” qəzeti
0