Abramidze “Neftçi”yə qayıdıb, yoxlama oyununda meydana çıxdı
12.01.2010 - 12:39
Abramidze “Neftçi”yə qayıdıb, yoxlama oyununda meydana çıxdı
Valeri Abramidze Bakının “Neftçi” klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı gürcü müdafiəçi Azərbaycan çempionu olduğu komandanın heyətində hazırda keçirilən “Olimpik-Şüvəlan”la yoxlama oyununda iştirak edir.

Abramidzenin bu oyunda sonra “Neftçi”yə dönüşünün rəsmiləşəcəyi gözlənilir. Klubun vitse-prezidenti Tahir Süleymanov apasport.az-a açıqlamasında hələ ki bir futbolçunu transfer etdiklərini bildirib: “Yeni futbolçumuz yalnız Cavid Hüseynovdur. “İnter”də çıxış edən bu oyunçunun keçidini həll etmişik. Qalan futbolçuların müqaviləsi ilə bağlı qərar hələ qəbul etməmişik. Abramidze təcrübəli futbolçudur, vaxtilə “Neftçi”də oynayıb. Onun kimi baxışa gələn legionerlərdən bəyənilənlərlə sonradan müqavilə ilə bağlı söhbətlər olacaq”.

Qeyd edək ki, Abramidze 2005-ci ilin yazında “Neftçi”yə gələndən az sonra ölkə çempionu oldu. O, növbəti il bu komanda ilə “Birlik kuboku”nu qazandı. Həmin mövsüm bitən kimi “Xəzər-Lənkəran”a keçən Valeri bu komandada çıxış etdiyi bir ildə “qızıl dubl” etdi.
0