UEFA Azərbaycan futbolunun tarixi qələbəsini də əlindən aldı
12.01.2010 - 13:22
UEFA Azərbaycan futbolunun tarixi qələbəsini də əlindən aldı
Azərbaycan futbolundakı “lipa”larla bağlı qərar verən UEFA tariximizin ən böyük qələbəsini əlimizdən aldı. Apasport.az saytının məlumatına görə, 19 yaşlı qızlardan ibarət milli komandamızın heyətində 6 futbolçunun saxta sənədlə oynadığını müəyyənləşdirən qitə futbol qurumu müvafiq cəzalar tətbiq edib.

Bu cəzalardan biri də qitə birinciliyinin seçmə mərhələsinin oyunlarının nəticələrinin ləğv edilməsidir. Ötən ilin payızında Bakıda keçirilən mini-turnirə İspaniyaya məğlubiyyətlə (0:2) başlayan futbolçularımız sonradan Ukraynanı 1:0 hesabı ilə uda bilmişdi. Son turda isə Kiprlə üz-üzə gələn Şamil Heydərovun yetirmələri 8:0 hesabı ilə qalib gəlmişdi. Həmin nəticə Azərbaycan futbol tarixinin ən böyük hesablı qələbəsi kimi tarixə düşmüşdü. Amma həmin tarixin “lipa”ların əli ilə yazıldığını bilən UEFA bunu pozmağa qərar verdi. Çünki saxta sənədlə oynadıqları aşkarlanan 6 futbolçumuz həmin görüşlərin iştirakçısı olub.

Xatırladaq ki, UEFA Nəzarət-İntizam Komitəsinin qərarının ikinci bəndində məhz bu sayda oyunçunun “lipa” çıxdığı müəyyənləşmişdi: Futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunsun.

“Lipa”larımzın seçmə mərhələ macəraları maraq doğurur. Onların 6-da hər 3 qarşılaşmada start heyətində 90 dəqiqə əvəzlənmədən meydanda olub. Qapıçı olan Boyko yalnız ispanlardan iki qol “yeyib” digər matçları “quru” keçirib. Toma Besserdeşnaya və Olqa səfərova hər 3 görüşdə 90 dəqiqə mübarizə aparanlardandır. Sonuncu da ispanlarla matçda fərqlənməyi bacarıb. O sarı vərəqə alıb. İlk oyunun fasiləsində, Ukraynayla görüşün 73-cü dəqiqəsində əvəzlənən Anastasiya Rəhmanova isə yalnız son oyunda 90 dəqiqə meydanda olub.

Olqa Qazıyeva ilə Natalya Suvorovtseva isə Kiprlə darmadağının qəhrəmanlarıdır. Düzdür, Olqa əvəzlənmədiyi ilk iki oyunla müqayisədə son turda 80 dəqiqə mübarizə aparıb. Amma bu müddətdə o het-trikə imza atmağı bacarıb. Het-trik müəllifi kimi dubla imza atan oyunçu da “lipa” imiş. Belə ki, bütün oyunları əvəzlənmədən meydanda olan Nataşa iki dəfə kiprlilərin qapısına qol vurub.
0