Hər şey öz əlindədir, Vaqif!
12.01.2010 - 13:37
Hər şey öz əlindədir, Vaqif!
Azərbaycan futbolu bu günü çoxdan gözləyirdi. Qısa zamanda milli komandamızın liderinə çevrilən Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi nəhayət ki rəsmiləşdi. Tərəflərin uzunmüddətli müqavilə imzalaması əməkdaşlığın qısa olmamasının istəmələrinə işarədir.

Son üç ildə Ağdamın “Qarabağ” klubunda oynayan Vaqif artıq karyerasını Avropada davam etdirəcək. Avroliqada mübarizəni davam etdirən “Tvente”nin hazırda Hollandiya çempionatının lideri olması diqqətçəkən məqamdır. Cavadov 21 yaşında güclü kluba keçib, güclü çempionatda forma geyinməklə, karyerasında böyük irəliləyiş əldə etmək imkanı qazandı. Necə deyərlər, artıq hər şey hücumçumuzun öz əlindədir. Vaqif yaxşı çıxış etməklə, nəinki özünü, digər futbolçularımızı da irəli çəkə, Azərbaycanda da futbolun olduğunu göstərə bilər. Futbolda ilk addımlarını Rusiyada, Moskva MOİK-ində atan Cavadov burdakılardan fərqli məktəb keçməsi ilə seçilməlidir.

Əslində, indiyədək bir sıra futbolçularımız legioner həyatı yaşasa da, Vaqifi 18 illik müstəqillik dönəmində ən səs-küylü transferimiz saymaq olar. Hər halda, xeyli müddətdir kölgədə qalan futbolçularımız daha çox postsovet məkanı təmsilçilərində oynayıblar. Sözsüz ki, keçmiş SSRİ-də oynayan legionerlərimiz arasında ən yaxşı Nazim Süleymanov olub. Hücumçu Rusiya çempionluğunu qazanan yeganə azərbaycanlıdır. 1995-ci ildə Vladiqafqazın “Alaniya” klubunun heyətində qızıl medal qazanan Süleymanov uzun müddət Rusiya Premyer Liqasında ən çox qol vuran legioner olub.

Türkiyə Superliqasında çıxış edən azsaylı futbolçularımızın karyeraları qısa müddətli olub. Bu mənada milli komandamızın kapitanı Rəşad Sadıqovla Vaqifin bibisi oğlu İlqar Qurbanovu qeyd etmək olar. İki dəfə qardaş ölkədə özünü sınayan Rəşad yaxşı oynasa da, nəticə baxımından ən böyük uğuru “Kayserispor” klubunun heyətində İntertotoda çıxış etməsi idi. İlqar isə “Fənərbaxça”nın yetirməsi olması ilə öyünə bilər. Ona həm bu, həm də digər Superliqa təmsilçisi “Sivasspor”un heyətində möhkəmlənmək nəsib olmadı.

Məlum olduğu kimi, Avropada ən “bərkgedən” çempionat “Böyük Beşlik” – İtaliya, İspaniya, İngiltərə, Almaniya və Fransa birincilikləri sayılır. Orada isə yeganə təmsilçimiz Vəli Qasımov olub. İspaniyada bir sıra klubların şərəfini qoruyan hücumçumuzun Primeroda ən böyük uğuru “Betis”in heyətində bürünc medal qazanmasıdır. Qasımov kimi milli komandamızın digər futbolçusu İlham Məmmədovun uzun illər Almaniyada oynasa da, aşağı liqalarda top qovub. Avropada “ikinci eşelon”da da Vəlinin izi var. Hər halda, Qasımov Portuqaliyanın da yüksək liqasında çıxış edib.

Avropa ölkələrində medal baxımından ən böyük uğurumuz bürünc mükafat olub. Bu, Qasımovla yanaşı, Anatoli Ponomaryovla Saşa Yunisoğlunun da payına düşür. Ponomaryov “Kalmar”la İsveç, Yunisoğlu “Poloniya” ilə Polşa çempionatının bürünc medalını qazanıb. Anatolinin atası İqor Ponomaryov isə 1989-cu ildə “Neftçi”dən “Norçepinq” klubuna keçdi və İsveç çempionatında yüksək liqasında çıxış etdi. Bununla da, Avropada oynayan ilk futbolçumuz oldu. SSRİ-nin süqutuna az qalmış İsveçə köçən Ponomaryovlar həmin vaxtdan orada yaşayırlar.

Əslində, Cavadova qədər futbolçularımızdan Hollandiyada oynamağa cəhd olanlar olub. Özü də onlar da Ağdam klubunun üzvləri – Azər Cabbarovla Eldəniz Məmmədov idisə, bu gedişlər arasında dağlar qədər fərq var. Məsələ ondadır ki, Azərlə Eldəniz “Qarabağ-Azərsun” adlanan dövrdə “zambaqlar ölkə”sinə özbaşına, daha çox sığınacaq tapmaq üçün yollanmışdılar. Həmin vaxt çempionatımızın liderinin düşərgəsini tərk edən, uzun müddət səs-soraq çıxmayan Cabbarovla Məmmədov fürsətdən istifadə edib Hollandiyada özlərinə klub tapmaq sevdasına düşdülər. Ancaq orada həvəskar səviyyədə oynayan futbolçularımız sonda vətənə, komandalarına qayıtmalı oldular.

Mehman SÜLEYMANOV
0