“Vaxtilə Vaqif Cavadovun qaça bilmədiyini deyənlər indi onun arxasınca qaçırlar”
12.01.2010 - 15:32
“Vaxtilə Vaqif Cavadovun qaça bilmədiyini deyənlər indi onun arxasınca qaçırlar”
“Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubu ilə müqavilə bağlamasına çox sevindim. Ona yeni klubunda uğurlar arzulayıram”. Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun əmisi, veteran futbolçu İskəndər Cavadov deyib.

Hollandiya və Azərbaycan futbolu arasında böyük fərqlərin olduğunu deyən İ.Cavadov qardaşı oğlunun “zambaqlar ölkəsi”ndə yalnız karyerası haqda düşünməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, V.Cavadov Azərbaycanı təkcə Hollandiyada deyil, Avropada təmsil etdiyini anlamalı, daha yüksək səviyyəli komandalarda oynamağı qarşısına məqsəd qoymalıdır.

Veteran futbolçu bildirib ki, hələ 2006-cı ildə Rusiya MOİK-indən yığma komandamıza cəlb olunduğu vaxt Vaqif Cavadovu bir neçə klubumuza təklif etsə də, əksəriyyətindən mənfi cavab alıb: “İndi mən onların adlarını çəkmək istəmirəm, həmin klublardan biri deyirdi ki, Vaqif çox arıqdır, digəri onun qaça bilmədiyini söyləyirdi. Amma “Qarabağ” və milli komandamızda nəyə qadir olduğunu göstərdikdən sonra həmin klublarımız Vaqif Cavadovun arxasınca qaçırdılar”.

İ.Cavadov Vaqif Cavadovun Avropa miqyaslı kluba keçidində futbolçunun atası Füzuli Cavadovla yanaşı, onu iki il öncə “Qarabağ”a cəlb edən türkiyəli mütəxəssis Rasim Karanın rolunu vurğulayıb: “Əlbəttə, sonradan “Qarabağ”a baş məşqçi təyin olunan Qurban Qurbanov da Vaqifə böyük dəstək verdi”.

Veteran futbolçu digər oyunçularımıza da tezliklə legioner həyatı yaşamağı məsləhət görüb. Onun fikrincə, futbolçularımız nə qədər tez xaricə çıxsalar, futbolumuzun inkişafına dəstək verərlər: “Bu gün pul onlar üçün ikinci məqsəd olmalıdır. İlk növbədə isə layiqli çıxış durmalıdır. Rusiya, Ukrayna, Türkiyə çempionatlarının səviyyəsi bizimkindən irəlidədir”.
0