Vaqif Cavadov “Tvente” ilə neçə illik müqavilə bağlayıb: 4,5, yoxsa 3,5?
12.01.2010 - 15:42
Vaqif Cavadov “Tvente” ilə neçə illik müqavilə bağlayıb: 4,5, yoxsa 3,5?
“Vaqifi Hollandiyada yüksək səviyyədə qarşıladılar. Avropada yeni gələn futbolçuya necə münasibət göstəriblərsə, Cavadova da elə diqqət oldu. Bu, bizi çox sevindirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Vaqif Cavadovun “Tvente”yə keçidi ilə bağlı Hollandiyada danışıqlarda iştirak edən Çəlikəl onlara göstərilən münasibətdən razı qalıb: “Vaqifin transferində maddi baxımdan qazanc götürmədik. Sadəcə, müqavilədə şərtimiz var ki, “Tvente” Cavadovu gələcəkdə başqa kluba satarsa, bizə gəlirdən müəyyən faiz çatacaq. Ancaq bu da cüzi məbləğdir. Biz ilk növbədə futbolçumuzun Avropada oynamaq istəyini nəzərə aldıq və buna imkan yaratdıq. Bu, Vaqif üçün yaxşı bir şansdır və artıq hər şey özündən asılıdır. Onun “Tvente” ilə hansı məbləğdə müqavilə bağladığını bilmirəm. Bu, artıq futbolçunun özünə aid olan məsələdir”.

“Tvente”nin prezidenti Yop Munstermanın “Qarabağ” haqda fikirləri direktor üçün gözlənilməz olub: “Çoxlu məlumatlara malik olduğunu göstərən Munsterman hətta bilmədiyim bir-iki şeyi qeyd etdi. Vaqifin “Tvente”yə keçidi ilə kifayətlənmək olmaz. Əsas məqsəd onun Avropada daha yüksək komandaya keçididir. Avroliqada oyunlardan sonra iki klub arasında əməkdaşlıq, rəhbərlərimiz arasında dostluq yarandı. “Tvente”nin prezidentinin artıq “Qarabağ”a ürəkdən bağlılığı var. Gələcəkdə sıx əməkdaşlıq, birgə təlim-məşq toplanışı keçmək nəzərdə tutulub. Bizi əsas maraqlandıran məsələ odur ki, bundan sonra menecerlər “Qarabağ”ın futbolçularına daha çox diqqət yetirəcək. Vaqifin keçidi bu baxımdan xeyrimizə olan amildir”.

Çəlikəl saytımıza açıqlamasında Cavadovun “Tvente” ilə bağladığı müqavilə müddətinin 4,5 il olduğunu demişdi. Ancaq Hollandiya mətbuatında anlaşmanın 3,5 olması birmənalı qeyd edilib. “Qarabağ”ın direktoru məsələyə belə aydınlıq gətirdi: “Əslində, müqavilənin ümumilikdə müddəti 4,5 ildir. Məsələ ondadır ki, “Tvente” 3,5 illik anlaşmanın daha bir il uzadılması şərtini irəli sürdü. Yəni, bunu “3,5 +1” il şərtinə aid etmək olar. Azərbaycanda belə sxemlə müqavilələr imzalansa da, fərqli məqamlar var. Belə ki, bizdə bu klubla futbolçu arasında qarşılıqlı razılıqla reallaşır. Ancaq Hollandiyada klub bu şərti qoyur. “Tvente” müddət bitəndən sonra istəsə, Vaqif daha bir il orda oynamalıdır”.
0