“Karvan” Ramazanovla anlaşdı, qaldı Quliyevlə Məmmədov
13.01.2010 - 00:01
“Karvan” Ramazanovla anlaşdı, qaldı Quliyevlə Məmmədov
“Zaur Ramazanovla Emin Quliyev artıq məşqlərimizdə iştirak edir. Hər iki futbolçunun fiziki hazırlıq baxımından problemi var. Yarım ildən artıqdır oynamırlarsa, vəziyyət necə olmalı idi ki?” Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Onun sözlərinə görə, Emin Quliyevdən fərqli, Zaur Ramazanovun keçidi artıq rəsmiləşib: “Ramazanovu 6 aylığa icarəyə götürmüşük. Müqavilə ilə məxsus olduğu “Qarabağ”la danışıqlarımız uğurla başa çatdı. Ona görə elə də xərcə düşmədik. Zaur yavaş-yavaş formasını yığır. İnanıram ki, qış fasiləsi bitənədək hazır olacaq. Emini isə artıq bizim futbolçu saymaq olmaz. Çünki Quliyev hələ ki “Xəzər-Lənkəran”a məxsusdur və müqavilə məsələsini özü həll etməlidir. Emin kimi futbolçuya görə xərcə düşməyə dəyər. Onun komandamıza keçidi həll olunmaq üzrədir”.

Hüseynov “İnter”dən icarəyə götürdükləri Xaqani Məmmədovun ardınca kiçik qardaşı Füzuli Məmmədovu da sərəncamında görmək istəyir: “Eminlə yanaşı, Füzulinin də məsələsi açıq alır. Məlum olduğu kimi, “Olimpik-Şüvəlan”ı onu transferə çıxarıb. Məmmədov qardaşlarının ikisinin də xidmətində maraqlıyam. Füzuli transfer vərəqinin almasını özü həll etməlidir və bundan sonra onunla rəsmi müqavilə imzalayacağıq”.

Qeyd edək ki, “Karvan” “İnter”dən Xaqani ilə yanaşı, Şəhriyar Rəhimovla Rövşən Əmiraslanovu icarəyə götürüb. Yevlaxlılar indiyə kimi yalnız bir legioner - özbək müdafiəçi Murad Hamroyevi transfer edib.
0