Yunis Hüseynov daha bir legioneri komandadan qovdu
12.01.2010 - 17:11
Yunis Hüseynov daha bir legioneri komandadan qovdu
Bəşir Müqədi Yevlaxın “Karvan” klubundan yenə kənarlaşdırılıb. Bu barədə apasport.az-a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı tunisli yarımmüdafiəçini heyətə götürməyəcəklər: “Müqədi komandamızda çıxışını davam etdirməyəcək. Onun “Karvan”dan azad etmişəm. Ötən ilin sonunda zədə ilə bağlı ciddi problemi yaranan Bəşirinin xidmətində daha maraqlı deyilik”.

Hüseynov Braziliyadan iki futbolçunun yolunu gözlədiyini söyləyib: “Hər iki müdafiəçi sabah gələcək. Bunlardan biri milli komandamızın da üzvü olan Ernani Pereyradır. O, ötən il sona iki tur qalmış ailə problemlərinə görə vətəninə erkən yollandı. 27 yaşlı braziliyalı müdafiəçi Tyaqo Roşa dos Santos isə baxışa gəlir”.

“Karvan”ın Türkmənistan milli komandasında da oynamış Pavel Xarçiklə vidalaşdıqdan sonra bir qapıçısı qalıb. Bu, 20 yaşlı rusiyalı İvan Vasilyevdir. Düzdür, komandanın iştirak ərizəsində Nadir Şükürovun da adı göstərilsə də, qapıçılarla işləyən məşqçinin artıq 43 yaşı var: “Bizə bir qapıçı da lazımdır. Xarçiklə yollarımızı ayırandan sonra bu xətdə boşluq yaranıb. Yeni qapıçı axtarırıq. Bu, yerli də ola bilər, əcnəbi də. Hazırlığımızın ikinci mərhələsini Türkiyədə davam etdirəcəyik. Antalyaya yollanmaq üçün istədiyimiz futbolçuların keçidinin həllini gözləyirik. İnşallah, bunu yanvarın 18-dək yekunlaşdırıb, həmin gün çıxmağı planlaşdırmışıq. Antalyada yanvarın 30-a kimi olacağımız müddətdə 3-4 yoxlama oyunu keçirəcəyik”.

Qeyd edək ki, ölkəmizdə ilk olaraq “Karvan”da oynayan Bəşir 2008-ci ilin yayında “Olimpik”ə keçmişdi. O, ötən yay 4 il çıxış etdiyi Yevlax klubuna dönsə də, bu dəfə bir mövsüm də qərar tutmadı.
0