Vaqif Cavadov kimin yolu ilə gedir?
12.01.2010 - 17:59
Vaqif Cavadov kimin yolu ilə gedir?
Vaqif Cavadov Saşa Yunisoğlunun yolu ilə getdi. Apasport.az saytının məlumatına görə, milli komandamızın hər iki futbolçusu yeni klublarına qarşı yayda avrokubok oyunlarından sonra bəyənilib.

Saşa 2007-ci ildə “MKT-Araz”ın (İmişli) heyətində UEFA kubokunun ilk təsnifat mərhələsində Polşanın “Qrotslin” klubu ilə görüşdə diqqət mərkəzinə düşmüşdü. Vaqif isə ötən yay UEFA kubokunun yeni adı olan Avroliqanın son təsnifat mərhələsində Hollandiyanın “Tvente” klubu ilə oyunda bəyənilmişdi.

Burda fərqli məqam keçidlərin vaxtı və şərtləri ilə bağlıdır. Məsələ ondadır ki, “MKT-Araz” məhz “Qrotslin”lə görüşdən sonra, avqustda yeni çempionatın startına iki gün qalmış dağıldı. Nəticədə Yunisoğlu azad agent statusuna malik oldu ki, bu fürsətdən yararlanan polşalılar müdafiəçiyə pulsuz sahib çıxdı. Cavadovun isə “Tvente”yə keçidi üçün onun özü ilə yanaşı, klubu ilə danışıqlar aparıldı. Bu da hücumçunun “Qarabağ”la müqaviləsinin olması ilə bağlı idi. Hər halda, tanınmış ingilis çalışdırıcı Stiv Maklarenin Cavadovun transferində təkidi öz müsbət nəticəsini verdi.

Qeyd edək ki, Saşanı bəyənən “Qtotslin”in polşalı baş məşqçisi Yatsek Jelinski il yarımda ona əsas heyət oyunçusu kimi güvənmədi. Komanda “Poloniya” adını daşıyandan sonra müdafiəçimiz yalnız əvəzedici heyətdə və kubok yarışlarında iştirakla kifayətləndi. Yunisoğlunun yeganə təsəllisi Polşada ölkə çempionatının bürünc mükafatına sahib çıxması oldu.
0