Mahir Şükürov “Anji”nin heyətinə düşə bilmədi
13.01.2010 - 09:47
Mahir Şükürov “Anji”nin heyətinə düşə bilmədi
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun düşərgəsində yer aldığı “Anji” ilə uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasına qayıdan Mahaçqala təmsilçisi “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda rəqibi olan Qazaxıstanın “Aktobe” klubunu məğlub edib – 4:2.

Türkiyədə baş tutan yoxlama matçında fasiləyə məğlub durumda yollanan “Anji” qələbəni sonda 5 dəqiqəyə vurduğu iki qol sayəsində qazanıb. Baş məşqçi Omari Tetradze bu görüşdə 16 potensial namizədə baxıb ki, bunlardan 14-ü legioner olub. Ancaq Mahir yeni çalışdırıcısının hər hissədə meydana buraxdığı fərqli heyətin heç birində yer almayıb.

Görünür, Tetradze bəyənərək birbaşa müqaviləyə çağırdığı 28 yaşlı müdafiəçimizi sınamağa lüzum görmür və ona bir qədər istirahət verib. Klub prezidenti ilə müqavilə məsələlərini müzakirə edən Şükürov növbəti, o cümlədən yanvarın 17-də “Qarabağ”la sınaq görüşündə də iştirak etməyə bilər.
0