“İsveçrədə “Bakı”ya gülürdülər”
13.01.2010 - 10:13
“İsveçrədə “Bakı”ya gülürdülər”
“İnanmıram ki, Qyoko Hacıyevskinin “Bakı”dan gedişini futbolçular təşkil ediblər. Yəni, bilərəkdən oynamayıblar. Baş məşqçi ilə futbolçular arasında elə bir münaqişə olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev deyib.

2006-cı ilin yayında istefa verərək klubdan ayrılan funksioner sevimli komandasında baş verənlərə indi də biganə qalmır. Komandaya ikinci çempionluq qazandıran makedoniyalı baş məşqçi Qyoko Hacıyevskinin istefası ilə yanaşı, “Bakı”da baş verən proseslərə, həmçinin Avropa Liqasının İsveçrə “Bazel”i ilə oyunlarına da münasibət bildirib: “Hadisələrə real baxmaq lazımdır. “Bazel” elə-belə komanda deyildi və sonradan qrup mərhələsinə düşdü. İsveçrədə olanlar onların möhtəşəm stadionlarını, bazalarını gördülər. Amma “Bakı”nın indiyə qədər bir avtobusu var idi. Günorta məşqə getməliyik, amma hələ bilmirdik ki, məşq hansı stadionda olacaq, “Ədliyyə”də, yoxsa ADBTİA stadionunda? Məhz bu səbəbdən biz təmələ qayıtdıq”.

Əliyevin fikrincə, bazası olmayan klub əsl klub sayıla bilməz: “İsveçrədə deyəndə ki, bazamız yoxdur, bizə güldülər. Amma etiraf edim ki, hesabın o cür olması bizim üçün böyük zərbə oldu. Bundan da nəticə çıxardıq. Bəlkə həmin məğlubiyyət olmasaydı, biz bu yolu seçməyəcəkdik. Artıq “Bakı” bir brendə çevrilir. Hər ay dünyanın müxtəlif nöqtələrindən 25 min insan klubun internet saytına daxil olur”.

Qeyd edək ki, Əliyev “Bakı”nın 2005/06 mövsümünə təsadüf edən tarixinin ilk çempionluğundan sonra klubdan ayrılmışdı.

Mənbə: “Çempion-Azərbaycan” qəzeti
0