“Neftçi” üçün Antalyada yeni rəqib
13.01.2010 - 10:25
“Neftçi” üçün Antalyada yeni rəqib
Ukrayna və Rusiya Premyer Liqa klubları “Neftçi” ilə görüşməyə qərar verib. Apasport.az saytının məlumatına görə, Ujqorod “Zakarpatye”sinin ardınca Perm “Amkar”ının da “ağ-qaralar”la yoxlama oyununda qüvvəsini sınayacağı məlum olub. “Amkar” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında (yanvarın 16-dan 28-dək) son görüşünü yanvarın 27-də “Neftçi” ilə keçirəcəyini rəsmən açıqlayıb.

Permlilərin həmin oyunadək Odessanın “Çernomorets” (yanvarın 21-də), Rumıniyanın “Qloriya” (yanvarın 26-da) klubları ilə görüşləri nəzərdə tutulub. Flaqman “Amkar”la oyundan üç gün sonra isə “Zakarpatye” ilə qüvvəsini sınayıb, Türkiyədəki hazırlıq prosesini başa vuracaq.

Qeyd edək ki, milli komandamızın futbolçuları Vaqif Cavadov və Mahir Şükürovla maraqlanan “Amkar”ın baş məşqçisi milliyətcə tacik olan Rəşid Rəhimovdur.