“Roman Pokora yerli futbolçuları oynatmırdı, Rauf kimi qapıçını yox elədi”
13.01.2010 - 11:11
“Roman Pokora yerli futbolçuları oynatmırdı, Rauf kimi qapıçını yox elədi”
“Mən “Simurq”da olduğum müddətdə baş məşqçi Roman Pokoradan özümə qarşı elə münasibət gördüm ki, bunu başqa heç bir çalışdırıcı etməzdi. O, azərbaycanlı futbolçuları oynatmırdı və bunda maraqlı deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Karvan”ın düşərgəsində məşq edən Füzuli Məmmədov deyib.

Bir vaxtlar heyətinə düşə bilmədiyi “Simurq”dakı günlərini xatırlayan 33 yaşlı müdafiəçi Zaqatala təmsilçisində möhkəmlənə bilməməyini baş məşqçi amili ilə izah edib. O sabiq komanda yoldaşı Rauf Mehdiyevin də çalışdırıcı ilə problem yaşadığını vurğulayıb: “Pokora Rauf Mehdiyev kimi qapıçını yox elədi. Rauf Azərbaycan yığmasının qapıçısı idi və “Simurq”a da bu adla getmişdi. Pokoranın onu hansı vəziyyətə saldığını hamı gördü. O cür qapıçı ola-ola onu oynatmadı, gedib Ukraynadan 40 yaşlı qapıçı gətirdi. Kimə lazım idi o qapıçı? Bəyəm Raufdan güclü idi, yoxsa komandaya Raufdan daha çox xeyir verəcək səviyyədədir? Əgər Mehdiyev zəif qapıçı idisə, “İnter” onu heyətinə cəlb edərdi? Pokaranı qətiyyən Azərbaycan futbolu düşündürmür”.

Qeyd edək ki, Füzulinin Ukraynadan gətirilən 40 yaşlı qapıçı kimi qələmə verdiyi Vitali Postranskidir. Mövsümün startından sonra transfer olunan və Mehdiyevi ehtiyat oyunçular skamyasında oturmağa vadar edən bu qapıçı isə Mehdiyevdən bir yaş kiçikdir, yəni onun 40 yox, 33 yaşı var.

Mənbə: “Çempion Azərbaycan” qəzeti