Görüş yerini dəyişmək olar, ancaq vaxtını yox
13.01.2010 - 12:22
Görüş yerini dəyişmək olar, ancaq vaxtını yox
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi çərçivəsində keçirəcəyi hər iki oyun öncəsi baş məşqçi Joze Alesio da Silvanın mətbuat konfransı olacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mətbuat nümayəndələri ilə ilk görüş yanvarın 18-də Budapeştin “Papp Laslo” İdman Sarayında Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.

Da Silva növbəti dəfə yanvarın 20-də jurnalistlər önünə çıxacaq. İkinci mətbuat konfransı eyni vaxtda, lakin fərqli məkanda - milli komandamızın qalacağı oteldə keçiriləcək.

Qeyd edək ki, yığmamız Avropa çempionatının final mərhələsinin A qrupunda yanvarın 19-da meydan sahibləri Macarıstanı, yanvarın 21-də isə Çexiyanı sınağa çəkəcək. Birinci matç Bakı vaxtı ilə saat 20:30-da, çexlərlə görüş isə bundan yarım saat gec start götürəcək.