“Azərbaycanda fantastik layihələr həyata keçirilir” - MÜSAHİBƏ
13.01.2010 - 12:54
“Azərbaycanda fantastik layihələr həyata keçirilir” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Berti Foqtsun köməkçisi futbolumuz haqda fikirlərini açıqlayıb.

- Artıq bir ildən çoxdur Azərbaycan yığmasında Berti Foqtsun köməkçisisiniz. Arxada qalan dövrü necə dəyərləndirirsiniz?
- Hər şey mənim üçün çox təəccüblü şəkildə cərəyan etdi. Mənə xəbər çatdı ki, Lixtenşteynlə dünya çempionatının Bakıdakı oyunu ərəfəsində Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts köməkçi axtarır. O, U-16-dan başlayaraq yığmalarda məşqçim olub. Sənədlərimi istədilər. İki həftə sonra zəng gəldi ki, bəs sabah Azərbaycanda olmalısan. Əslində, Azərbaycanda uzun müddət qalmaq planlarıma daxil deyildi. Üç həftəlik kömək etməli idim. Amma işim mənə zövq verdiyi üçün qalmağa qərar verdim.

- Orada vəziyyət necədir?
- Demək olar ki, yaxşıdır. Futbolçular sanki acdırlar, hamısı yuxarılara, zirvəyə can atırlar. İki il əvvəl isə səviyyə demək olar ki, faciəvi şəkildə idi. Tez əldə olunan nəticələr, inkişafdakı sıçrayış isə göz qabağındadır. Sonda isə Rusiya ilə 1:1 hesablı heç-heçə, az keçməmiş Çexiyanı məğlub etdik – 2:0.

- Foqtsla işbirliyiniz necə gedir?
- Kollegial şəkildə işləyirik. Hər işdə iştirak edirəm, hər şeyi birlikdə müzakirə edirik. Məşqçi və futbolçu kimi Avropada çox irəli gedən insanla işləyirəm. Bu mənim üçün böyük bir tarixdir. Ötən ilin dekabrında müqaviləmizi daha iki il müddətinə uzatdıq. Yerli federasiya yığma üçün imkanları daxilində hər şeyi edir. Artıq iki dəfə Dubayda toplanış keçirmişik. Orada da hər şey yüksək səviyyədə olub. Avropa çempionatının seçmə mərhələsində komandamızın çıxışı maraqlı olacaq.

- Azərbaycanda klubların səviyyəsi necədir?
- İki komandanın Avropa Liqasının pley-off mərhələsinə çıxması klubların zəif inkişaf etdiyini göstərir. Premyer Liqada 12 komanda oynayır. Almaniya ilə müqayisə etmək çox çətindir. Bəziləri ölkəmizin üçüncü liqa təmsilçilərindən də zəifdir. Əvəzində bizim çalışdığımız milli komanda var ki, onun üzvləri Almaniyanın birinci və ya ikinci Bundesliqada oynaya bilərlər. Gözləyirəm ki, onların ikisi bu qış ölkə xaricinə üz tutacaq. Bundan sonra da inkişaf edəcək.

- İş rejiminiz necədir?
- İndi U-15-lə toplanışdayam. Bu toplanış hələ 2-3 həftə davam edəcək. Mənim təxminən 150 istirahət günüm var, onları da ailəmlə keçirirəm. Qarşıdakı iki ildə belə olacaq.

- Azərbaycan haqda təəssüratlarınız necədir?
- Paytaxt Bakıda böyük canlanma var. Orada 4 milyon əhali yaşayır ki, bu da ölkədə yaşayanların yarısı deməkdir. Dubayda olduğu kimi, başdan ayağa hər yerdə tikinti işləri gedir, fantastik layihələr həyata keçirilir. Orada İçərişəhər adlanan gözəl yer də var.

- Maşınınız var?
- Yox, biz sakitlik istəyirik. Hərçənd, yollar da yaxşıdır. Hətta kənar şosselər də pis deyil.

- İndi U-15-i Almaniyaya gətirmisiniz...
- Rəhbərlik uşaq futbolunun inkişafına fikir verir. Bu sahədə inkişafın getməsini istəyirlər. Ötən yay 15 yaşlılar “Fənərbaxça”nın bazasında 3 aya yaxın hazırlıq keçdilər. Onlar artıq məktəbi deyil, futbolu fikirləşməlidirlər. Bəziləri artıq Premyer Liqa klublarının tərkibindədir.

- 13-14 yaşlı uşaqlar evləri üçün darıxmırlar?
- Bu məni də heyrətləndirdi. Alman komandası ilə müqayisə olunması düzgün olmasa belə, orada da nizam-intizam hökm sürür. Uşaqlar ingilis dili dərslərini də maraqla öyrənirlər.

- Bəs valideynləri?
- Hər şey yaxşı olsa da, bəziləri narahatdırlar. Amma biz uşaqlar üçün hər şey edirik. Hətta əylənmələri üçün də. Azərbaycandan onlara göstərmək üçün kino da gətirmişik.
0