“Məşqçilər hazırlıq dövründə düzgün işləmirlər” - MÜSAHİBƏ
16.01.2010 - 00:37
“Məşqçilər hazırlıq dövründə düzgün işləmirlər” - MÜSAHİBƏ
Uşaq futbolu böyük futbola gedən yolun başlanğıcıdır. Bu gün aşağıyaşlı uşaqlar addımlarını atdıqları ilk məşqlərdə qazandıqları vərdişləri inkişaf etdirməklə artırmağa çalışırlar. Ancaq bu gün uşaq futbolumuzda ciddi problemlər var. Xüsusilə də uşaqlara “idmanın şahı”nın sirlərini öyrədən məşqçilərin kifayət qədər savadlı və məsuliyyətli olmaması özünü hər addımda göstərir. Düzdür, son vaxtlar AFFA bu boşluğu aradan qaldırmaq məqsədi ilə müəyyən işlər görür. Məşqçilər üçün tez-tez seminarların təşkil edilməsi, eləcə də təcrübə toplamaq baxımından başqa ölkələrə göndərilməsi buna misaldır. Eləcə də imkanlı klubların uşaq komandalarına bu sahədə uğur qazanmış əcnəbi məşqçiləri dəvət etməsi sevindirici məqamlardandır. Bəs musahimiz - ADBTİA-nın “Futbol və onun metodikası” kafedrasının müdiri Rafiq Bağırov bu haqda nələr düşünür? Onu hansı problemlər narahat edir? Amma mütəxəssislə söhbətə Premyer Liqadan başladıq. Onun arxada qalan oyunlarla bağlı fikirlərini öyrəndik.

- Ümumiyyətlə, Azərbaycan çempionatının səviyyəsi son illərdə yüksələn xətt üzrə hərəkət edir. 2009-2010-cu illər mövsümü bir qədər fərqli reqlamentlə keçirilir. Əlbəttə, bu sistemin də müsbət və mənfi cəhətləri var. Təbii ki, mövsümün sonunda bunlar təhlil olunacaq. Oyunların sayının çoxalması müsbət məqamlardandır. Lakin elə komandalar var ki, artıq 7-12-ci yerlər uğrunda mübarizə aparacaqlarını qətiləşdiriblər. Ona görə də onların iştirakı ilə keçirilən bəzi oyunların əhəmiyyəti olmur. Bunlara baxmayaraq, yenə çempionatın səviyyəsinin yüksəldiyini vurğulamaq istəyirəm. Əvvəllər 1-2 komanda çempionluq uğrunda mübarizə aparırdısa, bu gün 5-6 klub gözünü qızıl medallara tikib. İndidən hansı klubun çempion olacağını söyləmək olmaz. Çünki çempionatın birinci mərhələsini “altılıq”da başa vuracaq hər bir komandanın çempion olmaq şansı var.

- Arxada qalan oyunlarda sizin üçün maraqlı nələr oldu?
- Bir müddət AFFA-nın Elmi-Metodik Qrupunun rəhbəri də olmuşam. Bundan başqa, son iki ildə “Olimpik-Şüvəlan” klubunun Elmi-Metodik Qrupunun üzvü kimi də fəaliyyət göstərmişəm. Demək istəyirəm ki, oyunlara mütəmadi gedirdim. Komandaların ustalıqlarının artdığını qeyd edə bilərəm. Amma problemlər də yox deyil. Xüsusilə də məşqçi və futbolçu problemini qeyd etmək istəyirəm. Azərbaycanlı məşqçilərin əməyindən az istifadə etməyimizlə bağlı narazılığımı dəfələrlə bildirmişəm. Çünki həmin mütəxəssislərin inkişaf etməsi üçün mütləq çalışmalıdırlar. Məsələn, Əsgər Abdullayev kimi məşqçinin bu gün işsiz qalması düzgün deyil. Onun başqa vəzifədə olsa belə, fəaliyyətini davam etdirməsi lazımdır. Sözsüz, əvvəlki illərlə müqayisə etdikdə, bir çox dəyişikliyin olduğunu qeyd edə bilərik. Yeni stadionların tikilməsi, meydançaların uşaqların istifadəsinə verilməsi müsbət məqamlardandır. Ancaq oyunlar keçirilməyən stadionlarımız da var. Məsələn, Şəmkir şəhər stadionu. Hansı ki bu rayonun təmsilçisi iki dəfə ölkə çempionu olub, Çempionlar Liqasında mərhələ adlayan ilk komandamız olub. Amma bu gün həmin stadionda heç bir oyun keçirilmir.

- Uşaq futbolu haqqında danışaq. Bir mütəxəssis kimi, bu sahədə sizi daha çox hansı problemlər narahat edir?
- Məşqçilər hazırlıq dövründə uşaqlarla düzgün işləmirlər. Onlar hərəkət, oyun texnikasına az fikir verirlər. Futbolçular hazırlıq dövründə mənimsədikləri yanlış hərəkətləri davam etdirirlər. 15-16 yaşda isə bu hərəkətləri tərgitmək, demək olar, qeyri-mümkündür. Təbii ki, biz Vaqif Cavadov, Rəşad Sadıqov kimi istedadlı futbolçuların sayının çox olmasını istəyirik. Bu gün 8 yaşdan başlayaraq uşaqlara hazırlığın bütün növlərini öyrətmək lazımdır. Məsələn, futbolun hərəkət texnikası var. Uşaqlar bunu vaxtında düzgün icra etmədiklərinə görə, bu onlarda pis vərdiş halına gətirib çıxarır. Yəni düzgün qaçmayanda, tullanmayanda oyunçunun fiziki hazırlığında problemlər yaranır. Buna texniki hərəkətlərin icrasını da daxil etmək vacibdir. Məsləhət bilərdim ki, uşaqları 6 yaşından başlayaraq məşqlərə cəlb etsinlər. Onları təxminən 11 yaşına qədər böyük meydanda deyil, kiçik meydanda futbol oynatsınlar. Yəni 11-11-ə deyil, 4-4-ə, 5-5-ə. Belə olan təqdirdə topla daha çox hərəkət edəcəklər və ustalıq səviyyələri də tədricən artacaq. Bir sözlə, işi düzgün qurmalıyıq.

- Sizin rəhbərlik etdiyiniz ADBTİA-nın “Futbol və onun metodikası” kafedrası isə bu sahədə çalışan mütəxəssislərin hazırlanmasına cavabdehdir. Özünüz də qeyd etdiyiniz kimi, bu gün ölkəmizdə savadlı uşaq məşqçilərinə ciddi ehtiyac var...
- Bəli, bizim kafedramız həm orta, həm də ali məktəblərdə çalışmaq üçün mütəxəssislər hazırlayır. Rayonlardakı Uşaq Gənclər İdman Məktəblərində (UGİM) vəziyyət həddindən artıq ağırdır. Həm məşq keçdikləri meydançalar, həm də invertarlar istənilən səviyyədə deyil. Futbolçunu hazırlamaq üçün ümumi struktur olmalıdır. Əgər boşluq varsa, nəsə yaratmaq çətindir. O ki qaldı akademiyanın hazırladığı mütəxəssislərə, onlar orta və ali təhsil müəssisələrində, UGİM-lərdə və orta məktəblərdə işləyirlər. Biz 2007-ci ildə 8-17 yaşlı futbolçuların hazırlanması üçün proqram hazırlamışıq. Təəssüflər olsun ki, bu proqramdan az istifadə edirlər. Bir misal çəkim. Anatoli Konkov “İnter”də baş məşqçi çalışarkən, məni kluba dəvət etdi. Məqsəd klubun uşaq futbolunda çalışan məşqçilərin attestasiyasında iştirak etmək idi. Nəticədə ortaya çıxdı ki, bir klubda çalışan məşqçilərin hər biri fərqli proqramla çalışır. Bu, yolverilməzdir. Amma qeyd etdiyim proqramda bütün məsələlərə toxunulub. Məsələn, 8 yaşlı uşaqlar il ərzində 312 saat məşq keçməlidir. Bunun 4 saatı ayrılıb nəzəri hazırlığa. Gəlin görək, məşqçilər nəzəri hazırlıq keçirlərmi? Xəbər alsaq, cavab verə bilməyəcəklər. Və ya məktəblərdə çalışan məşqçilər hər şeyi bu proqram əsasında yerinə yetirməlidir. Test normativlərini bilməliyik. Bəzən xaricdən gələn mütəxəssis öz ölkəsindən gətirdiyi test-normativlər əsasında futbolçulardan normativ götürür. Halbuki Azərbaycanın öz test-normativləri olmalıdır. SSRİ dövründə biz bu birliyə daxil olan ölkələrlə sıx əlaqədə olmuşuq. Bu gün də onların təcrübəsindən istifadə edib, həmin normativləri ölkəmizdə tətbiq etməliyik.

- Bəs bu proqramın yerinə yetirilib-yetirilmədiyinə hansısa qurum nəzarət etmir?
- Nəzarəti həmin məktəbin rəhbərliyi etməldir. Nəzarət olmayan yerdə anarxiya yaranır.

- Klublarla necə, qarşılıqlı şəkildə fəaliyyət göstərirsinizmi?
- Bu gün ustalardan ibarət komandaların heç birində Elmi-Metodik Qrup yoxdur. Ancaq Rusiya, Ukrayna klublarının hamısında bu qrup fəaliyyət göstərir. Bu günlərdə “Yığma komandalarda və peşəkar futbol klublarında kompleks elmi-metodiki qrupların təşkli və iş fəaliyyətinin əsasları”na aid proqram hazırlamışam. Fürsətdən istifadə edib, bu kitabın işıq üzü görməsinə göstərdiyi köməkliyə görə “Bakı” klubunun prezidenti Hafiz Məmmədova təşəkkürümü bildirirəm. Artıq belə bir kitabımız var. Maraqlananlar kafedramıza müraciət edə bilərlər.

- Son dövrlərdə bəzi klublarımız uşaq futbolunun inkişaf etdirilməsi üçün əməli işlər görürlər. Amma buna dırnaqarası yanaşanlar da az deyil...
- Struktur işləməlidir. Hansısa klubun uşaq komandası turnir cədvəlində sonuncu pilləni tutursa, bu, faciə deyil. Əsas olan işin düzgün qurulmasıdır. Əgər həmin klub buna nail olubsa, bəhrəsini mütləq görəcək. Bu gün klublarda çalışan uşaq məşqçilərinin səviyyəsi məni qane etmir. Ona görə də həmin məşqçilərin mütəmadi seminarlarda iştirak etməsi vacibdir. Məqsəd sırf diplom almaq yox, nəsə öyrənmək olmalıdır.

- Necə düşünürsünüz, bəs bu gün futbolla bağlı Azərbaycan dilindəki nəşrlərin sayı az deyilmi?
- Bu sahədə geri qalsaq da, müəyyən işlər görülür. Son 10 il ərzində 30-a yaxın kitab çap olunub. İldən ilə bunların sayı artır. Sadəcə olaraq, bu işlər bir şöbə daxilində həyata keçirilməlidir ki, məşqçilər də hara müraciət etməli olduqlarını bilsinlər.

- Sonda onların diqqətinə hansı məsləhətləri çatdırmaq istərdiniz?
- Hər bir məşqçi öz üzərində işləməlidir. İndi XXI əsrdir. Mənbələr kifayət qədər çoxdur. Sadəcə, bunun üçün maraq olmalıdır. İnsan özünü daha da kamilləşdirmək üçün əlindən gələni əsirgəməməlidir. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Futbolda planlaşdırma mühüm əhəmiyyət kəsb edir. Planlaşdırma 4 il ərzində həyata keçirilir. Niyə 4 il? Çünki Olimpiya oyunları 4 ildən bir keçirilir. 4 illik planlaşdırmadan başqa, cari il, eləcə də aylıq və həftəlik planlaşdırma olur. Bundan başqa, oyundan oyuna da planlaşdırma aparılır. Əfsuslar olsun ki, bizdə bu sahədə ciddi problemlər var. Məşqçilər xüsusilə də oyundan oyuna hazırlıq planına xüsusi diqqət yetirməlidir. O, yükləməni, gündəlik məşqləri düzgün qurmalıdır. Oyunu hansı üslubda qurmalı olduğunu müəyyənləşdirib, məşqləri də elə qurmaq vacibdir. Bu gün üç cür hücum var: sürətli, tədricən, standart. Məşqçilər rəqiblərin hansı üslubda oynayacağını bilməlidir ki, oyundan oyuna planlaşdırmanı da bunun üzərində qursun. Bu vacib elementlərdəndir.

“Futbol dünyası” qəzeti
0