“Biz Azərbaycanda da çoxları üçün “tapmacayıq” - MÜSAHİBƏ
20.01.2010 - 10:41
“Biz Azərbaycanda da çoxları üçün “tapmacayıq” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Andrey Tveryankin UEFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı qapıçı Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsinin meydan sahibləri ilə açılış matçındakı qələbə (3:1) və turnir haqda fikirlərini açıqlayıb.

- Qələbədən sonra əhval-ruhiyyəniz necədir?
- Hələ hər şeyi sonunadək dərk etməmişəm. Bircə onu bilirəm ki, çox yorulmuşam. Özü də psixoloji yorğunluq fizikidən daha çoxdur. Heç kim asan oyun gözləmirdi. Düzdür, komandamızda bəzi nikbinlər var ki, yarımfinalda oynamaq və ya qalib gəlmək haqda düşünürlər. Mən isə deyirəm ki, mərhələ-mərhələ irəliləməliyik. Əvvəl qrupdan çıxaq, sonrası isə ardıcıllıqla gəlsin.

- Oyunun belə başlaması sizi təəccübləndirmədi ki? İlk dəqiqələrdə iki qol vuruldu...
- Yox. Çünki bu, matça ən düzgün yanaşma idi. Rəqibə qol vurub onlara daha güclü olduğumuzu göstərməli idik ki, rəqib açılsın. Macarlar pressinq etmir, müdafiə olunurdu ki, bu səddi yarmaq çətinlik yaradırdı. İkinci hissədə isə eyni şeyi biz nümayiş etdirdik. Müdafiəyə oturduq ki, onlar da heç nə edə bilmədilər.

- Qapınıza vurulan qol gözlənilməz alındı. Siz nə baş verdiyini görürdünüz?
- Qol qəribə deyildi. Düşünürəm ki, bu, macarların düşünülmüş və üzərində işlənilmiş standart hücumu idi. Biz isə zonada düzgün oynamadıq. Bu onların əməyi, bizim isə səhvimiz idi.

- Komandanızı dəfələrlə xilas etməli oldunuz. Qələbədə öz rolunuzu hiss edirsiniz?
- Yığmada məni işsiz qoymurlar. Ona görə də burada oynamaq mənə maraqlıdır.

- Qarşıda çexiyalılarla oyununuz var. Amma bir ayağınız 1/4 finaldadır. Bu qarşılaşmaya necə yanaşacaqsınız?
- Çexlərlə matçda da qarşımızda eyni vəzifə qoyulub: yalnız qələbə. Bəlkə də bu gün o qədər parlaq oyun göstərmədik. Lakin bu ilk qarşılaşmamız idi. Yüz faiz əminəm ki, belə ağır və inamsız futbol oynamayacağıq. Qələbə bizə əlavə güc verəcək. Çexlər isə başa düşəcək ki, arxamızdan yapışmalıdırlar. Onlar bizim oyunu gördülər. Amma yaxşı ki, bu, bizim oynadığımız futbol deyildi.

- Hesabda irəli olduğunuz vaxt müdafiəyə çəkilib əks-hücumlarda oynamaq tapşırığı almışdınız?
- Bu birgə qərarımız idi. Müdafiədə oturmaq planımız yox idi. Lakin belə alındı. Bəlkə də belə daha asandır. Bircə o pis oldu ki, əks-hücumlarda qol vura bilmədik. Yoxsa hesab daha böyük olardı ki, matçın sonlarında da rahat oynayardıq.

- Çexiya yığması haqda nə deyə bilərsiniz?
- Biz bu komanda ilə oynamışıq. Yaxşı yığmaları var. Döyüşkən komanda olduqlarından, asanlıqla təslim olmayacaqlarını bilirik. Çexiyalılar macarlardan daha güclüdür. Lakin biz də daha yaxşı oynayacağıq.

- Azərbaycan yığmasının səviyyəsi çox yüksəkdir? Final mərhələsinin debütantı çoxları üçün “tapmacadır”...
- Biz elə Azərbaycanda da çoxları üçün “tapmacayıq”. Bizim üçün kimin güclü olması aktual deyil. Bizim vəzifəmiz udmaqdır, çexlər isə güclü olsun.
0