“Azərbaycan yığmasının bürünc medal qazanmaq şansı 70 faizdir”
29.01.2010 - 22:30
“Azərbaycan yığmasının bürünc medal qazanmaq şansı 70 faizdir”
“Sabah Azərbaycan yığmasının bürünc medal qazanmaq şansı 70 faizdir”. Bu sözləri apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Çexiyanın futzal üzrə milli komandasının baş məşqçisi Tomaş Neumann deyib.

Gənc çalışdırıcı Macarıstanda keçirilən Avropa çempionatının yarımfinal görüşləri barədə fikirlərini bölüşüb: “Azərbaycan komandasının Portuqaliya ilə qarşılaşmasının yalnız bir hissəsinə baxmışam. Portuqallar ilk 5 dəqiqədə üstün idilər. Qalan 15 dəqiqədə isə sizin yığmanız oyuna nəzarət edirdilər. Məncə, daha sonra bizimlə ispanlar arasında keçirilən matç barədə geniş danışmağa isə ehtiyac yoxdur. Çünki İspaniya təkcə həmin görüşün yox, bütövlükdə çempionatı favoritidir”.

Neumann sabah Debretsenin “Foniks” İdman Sarayında 3-cü yer uğrunda baş tutacaq Azərbaycan - Çexiya oyununa da toxunub: “Şansları 30-un 70-ə sizin xeyrinizə dəyərləndirirəm. Hər halda, biz qapıya zərbələr endirib, imkanlarımızdan yararlanmağa çalışacağıq”.

Qeyd edək ki, futzalçılarımız çexiyalı həmkarlarını qrup mərhələsində 6:1 hesabı ilə üstələmişdilər.
0