Ruslar çaşdı: Çernışovun son iş yeri Sumqayıt “Standard”ı olub
30.01.2010 - 12:07
Ruslar çaşdı: Çernışovun son iş yeri Sumqayıt “Standard”ı olub
Azərbaycanda işləmək təklifi alan Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Andrey Çernışov Qazaxıstanda çalışacaq. Apasport.az saytının məlumatına görə, rusiyalı məşqçi Superliqa təmsilçisi “Akjayık”la bir illik müqavilə bağlayıb.

Klubun baş direktoru Rəşid Husnutdinov da Rusiyanın gənclər yığmasının da baş məşqçisi olan Çernışovla əməkdaşlıq edəcəklərini təsdiqləyib: “Biz bütün şərtləri razılaşdırıb, müqavilə bağladıq. Çernışov bu ilin sonuna kimi baş məşqçimizdir. Biz onun təcrübəsinə bel bağlayırıq. Çernışovun qarşısında gənclərimizlə işləmək vəzifəsi qoyulub. O, bizim futbolu qaldıracaq”.

Maraqlısı odur ki, rus həmkarlarımız Çernışovun son iş yeri kimi Sumqayıtın “Standard” klubunu göstərib. Düzdür, “Standard” həqiqətən də onu baş məşqçi postunda göstərmək istəyir və hətta bu məqsədlə ötən yay Bakıya danışıqlara dəvət etmişdi. Ancaq sonradan aydınlaşdı ki, Çernışov “Standard”ın yeni çalışdırıcı olmayacaq və onunla son anda ortaq məxrəcə gəlinməyib. Bu mənada komandanı hətta bir oyuna çıxarmayan mütəxəssisin son iş yeri kimi “Standard”ı göstərmək qəribə görünür.

Qeyd edək ki, “Standard” Çernışovla uğursuz nəticələnən danışıqlardan az sonra Valdas İvanauskasla müqavilə imzaladı. Ancaq litvalı çalışdırıcı hələ ilk dövrənin ortasında autsayder olan komandanın baş məşqçisi postundan qovuldu.
0