“Qalatasaray” daha bir legionerlə vidalaşdı
30.01.2010 - 14:23
“Qalatasaray” daha bir legionerlə vidalaşdı
“Qalatasaray” daha bir legionerlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” danimarkalı yarımmüdafiəçisi Tobias Linderotun ardınca konqolu hücumçu Şabani Nonda ilə də vidalaşıb.

33 yaşlı afrikalı legionerlə müqavilə birtərəfli qaydada pozulub. Qış fasiləsində iki əcnəbi hücumçu - braziliyalı Jo və meksikalı Covani Dos Santosu icarəyə götürəndən sonra “Qalatasaray”ın legioner limiti dolub. Belə olan halda, baş məşqçi Frank Raykaard sərəncamında olan əcnəbilərdən biri ilə vidalaşmalı idi.

Zədə üzündən uzun müddətə sıradan çıxan avstraliyalı yarımmüdafiəçi Harri Kyuellə Nonda arasında seçim etmək lazım gəlib. Harriyə üstünlük verən istanbullular yeni transferlərin hücumçu olduğunu da nəzərə alaraq, Şabanini komandadan çıxarıb. “Qalatasaray”ın vitse-prezidenti Haldun Üstünəl Kyuellin göndərilməsinin heç gündəmdə olmadığını bildirib: “Nondanın gedişi baş məşqçinin qərarı ilə oldu. Onu sərbəst buraxdıq. Şabani ilə anlaşmanın xitam edilməsi yönündə aldığımız qərar məşqçilər korpusundan aldığımız raport nəticəsində verilib”.

Qeyd edək ki, 33 yaşlı Nonda “Qalatasaray”ay çexiyalı hücumçu Milan Baroşun keçidindən sonra daha çox ehtiyatda qalırdı. O, komandada keçirdiyi iki ildə 97 oyuna 37 qol vurub. Şabaninin azad agent statusuna malik olmasından “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça” istifadə etmək fikrindədir. Ancaq konqolu uzun illər çıxış etdiyi Fransaya qayıtmağı qərar alıb. Nondanın “Fənərbaxça”dan Kazım Kazımı icarəyə götürən “Tuluza” klubu ilə anlaşdığı və sabah müqavilə imzalayacağı bildirilir.
0