Sadıqovun bütün problemləri həll olundu - FOTO
16.02.2010 - 15:45
Sadıqovun bütün problemləri həll olundu - FOTO
“Sabah “Standard”la oyuna komandanı mən çıxaracağam. Artıq bu baxımdan heç bir problem yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib.

Hələ ötən ilin sonunda “İnter”lə səfər matçında rəqib baş məşqçi Kaxaber Sxadadze ilə bir-birlərinin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün AFFA-nın İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunan 43 yaşlı çalışdırıcının cəza müddəti artıq iki oyundur başa çatıb. Ancaq Sadıqov Unibank Premyer Liqasının son turunda “Muğan”la ev oyununda da texniki zonadan kənarda qaldı. Onun yoxluğunda yenə protokolda köməkçisi Sakit Alıyevin adı göstərilmişdi. Hərçənd, baş məşqçiyə kəsilən 4000 manatlıq cərimənin ödənilməsində problemin qalmadığı bildirilirdi.

Sadıqov cəza bitəndən sonra da kənarda qalmasını komandadan gedişi ilə bağlı olmadığını bildirib: “Belə bir şey yoxdur. Mən indi də “Turan”ın baş məşqçisiyəm. Sadəcə, son turda xəstə olduğum üçün texniki zonada ola bilmədim. Artıq sağalmışam və komanda ilə birgə Sumqayıta yollanıram. Cərimə ilə də bağlı problem yoxdur. Artıq bu məsələ tam həllini tapıb”.

Sadıqovun komandasının ölkə kubokunda onları mübarizədən kənarlaşdıran “Standard”la haqq-hesabı var: “Bu komandadan kubokdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. “Standard” ikinci “altılıq”da rəqibimizdir. İlk dövrədə evdə 3:0 hesablı qələbə qazanmışıq. “Qızıl xallar”ı nəzərə alsaq, səfər oyununda ən azı 1 xal götürmək fikrindəyik. Yəni, bu zaman şəxsi oyunlarda üstün olduğumuz “Standard”dan 4 xal götürmüş olacağıq. Sumqayıtda bizim üçün yaxşı nəticə qazanmağa çalışacağıq”.