“Neftçi”: köhnə hamam, köhnə tas, yaxud hardasan, Mircavadov?
22.02.2010 - 12:10
“Neftçi”: köhnə hamam, köhnə tas, yaxud hardasan, Mircavadov?
Bakının “Neftçi” klubu ardıcıl üçüncü ildir bir mövsümdə üç baş məşqçi ilə çalışacaq. Apasport.az saytının məlumatına görə, cari mövsümə Böyükağa Ağayevlə başlayan “ağ-qaralar” təsnifat mərhələsi bitən kimi Vaqif Sadıqovla da yollarını ayırdı.

2007/08 mövsümündə Qurban Qurbanovu baş məşqçi postunda əvəzləyən tanınmış çexiyalı mütəxəssis Vlastimil Petrjela ilk dövrə bitən kimi qovuldu. “Ağ-qaralar” həmin mövsümü ukraynalı Anatoli Demyanenkonun rəhbərliyi altında bürünc medalla bitirdi. 2008/09 mövsümünün əvvəlində Demyanenko alman Hans-Yurgen Gede ilə əvəzləndi. Ancaq milli komandamızda Berti Foqtsun köməkçisi olan Gede postunda heç yarım il duruş gətirə bilmədi. Gedeni uğursuz çıxışa görə qovan rəhbərlik köməkçi məşqçi Böyükağa Ağayevi komandanın sükanı arxasına gətirir.

Həmin mövsümü 8-ci yerdə bitirən “ağ-qaralar” milli çempionatlarımız tarixində ən uğursuz göstəriciyə imza atdı. Ağayevin cari mövsümün əvvəlində səhhətinə görə komandadan bir müddətlik ayrılması sonda istefa ilə nəticələndi və onu Sadıqov əvəzlədi.

Maraqlıdır ki, son üç ildə ilk baş məşqçi dəyişikləri mövsümün əvvəlində, konkret sentyabr ayında reallaşır. Həmin istefaya göndərilən məşqçilər heç iki il yarım vəzifəsində qalmayıb. Bunlar arasında ən çox postunda qalan – 15 ay çalışan Qurbanov olub.

Qeyd edək ki, “Neftçi”nin son illərdə ən uzun müddətli baş məşqçisi 20 ay çalışan Ağasəlim Mircavadovdur. Flaqman sonuncu çempionluğunu, titulunu məhz bu təcrübəli mütəxəssisin rəhbərliyi altında – 2005-ci ildə qazanıb.