İqor Ponomaryov: Sadıqova dedim ki...
22.02.2010 - 12:27
İqor Ponomaryov: Sadıqova dedim ki...
“Vətəndə olduğum müddətdə mənə heç bir təklif gəlməyib. Nə “Simurq”, nə “Neftçi”, nə digər klubumuzdan dəvət almışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Vaxtilə “Qarabağ” və “Xəzər-Lənkəran”ı çalışdıran 50 yaşlı Ponomaryov hazırda işsiz qalıb. O, “Neftçi”də uzun illər oynadığı Vaqif Sadıqovun istefa verməsini düzgün saymır: “Sadıqovla bununla bağlı söhbətim oldu. Ona qərarını tez verdiyini dedim. Yəni həmkarım bu addımı atmaqda tələsdi. “Neftçi” “altılığ”a vəsiqə qazanıb və Sadıqov sakitcə işini davam etdirməli idi”.

Ponomaryov həmişə olduğu kimi, vətəndə işləmək istədiyini gizlətmir: “Hər halda, Azərbaycan doğma vətənimdir. Mən “Neftçi”də böyümüşəm, futbolçu karyeramın ən yaxşı illərini bu komandada keçirmişəm. Klubun prezidenti Sadıq Sadıqovu tanıyıram. Hər halda, biz həmyerli, eyni ölkənin sakiniyik. Ancaq onunla görüşüm, hər hansı danışığım olmayıb”.

Qeyd edək ki, Bakıya gələn Ponomaryov fevralın 24-də ad gününü təmtəraqla qeyd edəcək. Futbolda yeganə olimpiya çempionumuza bu müddətdə yeni iş təklifi 50 illik yubileyi üçün ən yaxşı hədiyyə sayıla bilər.