“Berti Foqts təqvimdən razıdırsa, deməli, nəsə bilir” - FOTO
22.02.2010 - 15:40
“Berti Foqts təqvimdən razıdırsa, deməli, nəsə bilir” - FOTO
“İlk baxışdan təqvim bizim üçün heç də asan deyil. Hər halda, ilk oyunu Almaniya yığması ilə, özü də səfərdə keçirmək yaxşı olmadı. Əvəzində seçmə mərhələni türklərlə görüşlə başa vurmağımız yaxşıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Milli komandamızın bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsində müəyyənləşən təqviminə münasibət bildirən 63 yaşlı mütəxəssis ilk rəqibdən narazı, sonuncudan isə razıdır: “Seçmə mərhələdə ilk oyunu dünya çempionatından gələn milli komandalarla keçirmək həmişə ağır olur. Bunu şəxsi praktikama əsasən deyirəm. Bildiyiniz kimi, milli komandamızı ilk seçmə mərhələdə mən çalışdırırdım və həmin vaxt debütü sentyabrın 3-də səfərdə Rumıniya ilə keçirməli olduq. 0:3 hesabı ilə uduzduğumuz həmin görüşdə bizə çox çətin oldu. Rumınlar həmin vaxt dünya çempionatında uğurla çıxış etmişdilər. Dünya çempionatından gələn yığmalar sabit, “oturulmuş” heyətə malik olurlar. Türkiyə ilə dost ölkə olduğumuzdan sonda görüşmək yaxşıdır. Bu, o demək deyil ki, onlara güzəştə gedib, xal verməliyik. Söhbət türklərə kömək etməməyimizdən gedir. Sadəcə, sonda hər iki yığmaya xal lazım olmaya bilər və bu zaman gənc futbolçuları yoxlaya bilərik”.

Mircavadov seçmə mərhələni Qazaxıstan, Avstriya, Belçika yığmalarından biri ilə ev oyunu ilə başlamağı arzulayırmış. Onun fikrincə, belə qrafik bizim üçün daha rahat olardı: “Əlbəttə, ilk oyunda səfərdə güclü rəqibə ağır məğlubiyyət futbolçulara psixoloji baxımdan pis təsir edə bilər. Ancaq evdə münasib rəqiblə oynayıb, qələbə qazanmaq daha yaxşı olardı. Məlum olduğu kimi, Belçika yığmasının yeni baş məşqçisi Dik Advokata komandanı qurmaq üçün vaxt lazımdır. Belə yığma ilə daha tez görüşmək yaxşıdır. Bu, mənim şəxsi fikirlərimdir. Ancaq gərək Berti Foqts hər şeyə aydınlıq gətirsin. Milli komandamızın baş məşqçisi təqvimdən razıdırsa, deməli, nəsə bilir. Təqvim belədir və buna uyğun hazırlaşıb, yaxşı çıxış etmək lazımdır”.