Birhoff: Almaniya və Azərbaycan yığmaları arasında oyunlar çox maraqlı olacaq
22.02.2010 - 16:07
Birhoff: Almaniya və Azərbaycan yığmaları arasında oyunlar çox maraqlı olacaq
“Ötən seçmə mərhələnin təqvimi 90 dəqiqə müzakirə olunmuşdu. Mənə elə gəlirdi ki, bu dəfə daha çox vaxt sərf edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş meneceri Oliver Birhoff deyib.

O, bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqviminin müəyyənləşməsində iştirak edib. Tədbirdən sonra AFFA-nın rəsmi internet saytına açıqlama verən Birhoff təqvimdən razı qaldığını bildirib: “Amma bu dəfə də təxminən 90 dəqiqə ərzində bütün komandalar ortaq məxrəcə gələ bildi. Düşünürəm ki, təqvimdən qrupun hər bir iştirakçısı razı qaldı. Azərbaycan millisinin Rusiya yığması ilə oyununu izlədikdən sonra komandanızın xeyli irəliləyişə nail olduğu qənaətindəyəm. Məncə, Almaniya və Azərbaycan milli komandaları arasında oyunlar çox maraqlı olacaq”.

Qeyd edək ki, bu il sentyabrın 7-də keçiriləcək ilk qarşılaşmada Almaniyanın qonağı olacaq yığmamız gələn il iyunun 7-də Bundestimi qəbul edəcək.