Azərbaycan kubokunun finalçısı Ukraynada hakimliyə başlayır
10.03.2010 - 10:47
Azərbaycan kubokunun finalçısı Ukraynada hakimliyə başlayır
İmişlinin “MKT-Araz” klubunun sabiq futbolçusu İqor Makovey özünə yeni sənət tapıb. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını bitirən 34 yaşlı ukraynalı hakim olmaq qərarına gəlib.

Bir müddət özünü seleksiyaçı kimi sınayan İqor son vaxtlar həvəskarların və uşaqların oyunlarını idarə edirdi. Lakin bununla kifayətlənməyərək peşəkar səviyyəsinə yüksəlmək istəyən Makovey artıq Ukrayna çempionatının oyunlarında iştirak edəcək. O, ikinci dəstənin görüşlərinə təyinat alacaq ədalət təmsilçilərinin siyahısına daxil edilib. Makovey cari mövsümün yerdə qalan hissəsində yan xətt hakimi kimi çıxacaq.

Qeyd edək ki, İqor 2006/07 mövsümündə “MKT-Araz”ın heyətində çıxış edib. Hücuma meylli yarımmüdafiəçi İmişli təmsilçisinin tarixinin ən böyük uğurunun qazanılmasında pay sahibi olub. Həmin il Azərbaycan kubokunun finalına çıxan “MKT-Araz” həlledici görüşdə “Xəzər-Lənkəran”a 0:1 hesabı ilə uduzub.
0