Mübariz Mənsimov mükafatları artıracaq
10.03.2010 - 10:52
Mübariz Mənsimov mükafatları artıracaq
Türkiyənin “Beşiktaş” klubuna çempionluq üçün vəd olunan mükafatın məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz olan “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov da dəstəklədiyi “qara qartallar”ın mükafatlandırılma mərasiminə qatılacaq.

Çempionluq uğrunda rəqiblərinin son turlarda xal itirməsi “Beşiktaş”ın şansını artırıb. Bu səbəbdən rəhbərlik pul kisəsinin ağzını açmağa məcbur olub. Belə ki, komanda qalan 11 oyunda qələbə qazanıb çempion olarsa, hər futbolçu 600 min türk lirəsi (315 min manat) alacaq. Məlumata görə, “Beşiktaş” ardıcıl ikinci il çempionluq qazanarsa, futbolçular inanılmaz mükafata sahib çıxacaqlar. Məbləğin açıqlanması komandada inanılmaz canlanma, yüksək əhval-ruhiyyə, futbolçularda böyük motivasiya yaratdığı qeyd edilir.

Rəhbərlik 600 min lirənin yarısını hər oyun üçün paylaşdıracaq, yarısını isə mövsümün sonunda kubok qazanılarkən verəcək. Türklər həmin vaxt Mənsimovun da hərəkətə keçəcəyini bildirirlər. Belə ki, “Beşiktaş”a transfer məsələlərində maddi kömək göstərən, futbolçulara ayrı-ayrı oyunlar üçün mükafatlar verən azərbaycanlı iş adamı açıqlanan məbləği mövsümün sonunda qaldıracaq. Hazırda 23 oyundan sonra 45 xalla turnir cədvəlində 4-cü olan “Beşiktaş” lider “Qalatasaray”dan 5 xal geri qalır. Mükafata sahib çıxmaq üçün 33 xal toplamalı olan komanda “Cim Bom”dan 1 oyun az keçirib.
0