Mahir Şükürovun milli komandadan imtinasına ehtiyac qalmadı
10.03.2010 - 11:23
Mahir Şükürovun milli komandadan imtinasına ehtiyac qalmadı
Rusiya Premyer Liqasında oynayan legionerlərlə bağlı yeni qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi (İK) müzakirə edilən legioner limitini dəyişməyib. Bununla da əcnəbi futbolçulara olan limit ötən ilki kimi qalacaq. Yəni legionerlərə məhdudiyyət 6, birinci divizionda 3 nəfər olacaq.

Buna qədər isə Rusiyada legioner məsələsinə fərqli yanaşma nəzərdə tutulmuşdu. Belə ki, bu ölkədə çıxış edən əcnəbinin klubunda yerli oyunçu statusunda çıxış etməsi üçün milli komandasında oynamaqdan rəsmən imtina etməsi kifayət edirdi. Ancaq böyük müzakirələrə, Rusiyada çıxış edən legionerlərin narazılığına, hətta UEFA-da da məsləhətləşmələrə səbəb olan məsələ ən azı bu illik təxirə salınıb.

Təbii ki, bu qərarın Rusiyada çıxış edən azsaylı futbolçularımıza da aidiyyatı var. Məlum olduğu kimi, milli komandamızın müdafiəçisi Mahir Şükürov həftəsonu “Anji” klubunun heyətində bu ölkədə debüt edəcək. Yaxınlarda milli komandamızda oynamaqdan imtina etdiyini bəyan edən, sonradan isə fikrindən daşınan 28 yaşlı futbolçudan hər an gözlənilməz qərar gözləməyə dəyər. Göründüyü kimi, İK-nın son qərarı ilə Mahir də daxil olmaqla, şimal qonşularımızda çıxış edən legionerlərin yığmalarından rəsmən imtina etmələrinə ehtiyac qalmadı.
0