Avropa Kuboklarının təqvimi açıqlandı
10.03.2010 - 11:34
Avropa Kuboklarının təqvimi açıqlandı
2010/11 mövsümü üçün Avropa kuboklarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 4 ən güclü klubunun qatılacağı yarışlar iyunun 21-də keçiriləcək püşkatma ilə start götürəcək. Həmin gün Çempionlar Liqası və Avropa Liqasının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

Mübarizəyə Avropa Liqasının birinci təsnifat mərhələsindən başlayan təmsilçilərimiz ilk oyunlarını iyulun 1-də, cavab qarşılaşmasını bir həftə sonra keçirəcək. Mərhələ adlayacağı halda, bu iki komanda, həmçinin ilk sınaqdan azad olan Azərbaycan kubokunun qalibi iyulun 15-i və 22-də ikinci təsnifat oyunlarının iştirakçısı olacaq. Çempionlar Liqasının ikinci sınağından yarışa qoşulan təmsilçimiz isə iyulun 13-14 və 20-21-də rəqibi ilə üz-üzə gələcək. Cavab oyunları keçirilməmiş - iyulun 16-da isə artıq üçüncü təsnifat mərhələsinin püşkatması olacaq.

Qeyd edək ki, Azərbaycan klubları avrokuboklar tarixində heç vaxt təsnifat mərhələlərini uğurla keçib yarışın əsas hissəsində debüt etməyib.
0