Keçmişə səyahət, yaxud “altılıq” kimlərə düşərli olub?
10.03.2010 - 12:55
Keçmişə səyahət, yaxud “altılıq” kimlərə düşərli olub?
Azərbaycan milli çempionatı növbəti “altılıq” mərhələsinin astanasındadır. Apasport.az saytının məlumatına görə, ölkə birinciliyi 18 illik tarixində üçüncü dəfə bu sistemlə mübarizəyə şahid olacaq. Əslində, 2001/02 mövsümü də “altılıq” sistemi ilə keçirilsə də, həmin çempionatı başa çatdırmaq mümkün olmamışdı. Buna səbəb “altılığ”ın startından az sonra klublarla AFFA arasında yaranan qarşıdurma idi.

2002-ci ilin aprelin 2-də “Şəfa” stadionunda keçirilən “Şəfa” – “Xəzər Universiteti” (1:0) oyununda düşən qalmaqal çempionatı iflic etdi. Nəticədə AFFA bayrağı altında keçirilən yarışdan imtina edən klublar alternativ çempionat yaratdılar. Ancaq sonda “Şəmkir”in qalib olduğu həmin yarışın nəticələrini qəbul etməyən UEFA komandalarımızın iki il avrokuboklara qatılmasına icazə vermədi.

1992-ci ildə baş tutan ilk milli çempionat da iki mərhələdən ibarət idi. Amma həmin vaxt birincilik “qızıl xallar” sistemi ilə keçirilməmişdi. Bu, ilk dəfə 1995/96 mövsümündə tətbiq olundu. Yəni, ilk mərhələdən sonra hər komandanın hesabında yalnız ikinci mərhələdə rəqibi ilə oyunlarda qazanılan xallar saxlanıldı. Bu, sonda “Xəzri” klubuna çempionluq bahasına başa gəldi. Belə ki, Buzovna təmsilçisi ilk mərhələnin qalibi olsa da, sonda çempion adını “Neftçi” qazandı. “Xəzri” isə həmin mövsüm gümüş medalla kifayətləndi.

İkinci dəfə “altılığ”ın keçirildiyi 1998/99 mövsümündə bir sıra dəyişikliklər edildi. Belə ki, 1995/96 mövsümündə oyunlar reqlamentə görə neytral meydanda – Bakı və Sumqayıtda keçirilirdi. Ancaq ikinci “altılıq”da komandalar rəqiblərini öz doğma meydanlarında qəbul etdilər. Bundan əlavə, ilk mərhələdən sonra komandaların xallarının hamısı silindi və final mərhələsində mübarizəyə sıfırdan başlandı. Ancaq bu, “Kəpəz” klubunun tarixində ikinci çempionluğuna əngəl törətmədi. Gəncə təmsilçisi həmin mövsümdə həm ilk, həm də həlledici mərhələnin qalibi oldu.

1998/99 mövsümündə final mərhələsinin üç mərhələyə - 1-6, 7-10 və 11-14-cü yerlər uğrunda mübarizəyə bölünməsi də yenilik idi.

İndiyədək “altılıq”da iştirak edən klubların çoxu artıq tarixin yaddaşına köçüb. Qalanlardan “Neftçi” ilə “Qarabağ” yenə ilk “altılıq”da mübarizə aparacaq. “Turan” da bütün milli çempionatlarımızda iştirak edən klub olsa da, bu dəfə mükafatlar uğrunda mübarizə aparmaq imkanından məhrumdur. İndi Tovuz təmsilçisi Unibank Premyer Liqasında qalmaq uğrunda yarışacaq. İlk “altılığ”ın iştirakçılarından “İnter”lə “Bakı” müvafiq olaraq, “Dinamo” və “Xəzər Universiteti”nin varisləridir. Onlar da əvvəlki “altılıq”larda iştirak ediblər. “Xəzər-Lənkəran”, “Qəbələ”, habelə ikinci “altılıq”da olan “Karvan”, “Simurq”, “Olimpik-Şüvəlan”, “Muğan”, “Standard” isə bu sistemlə yarışlar keçirilən zaman bir klub kimi mövcud deyildilər.

“Altılıq” indiyədək keçirildiyi vaxtlarda özünü doğrultmadığı üçün növbəti mövsüm bundan imtina olunub. Deyəsən, tarixə yenə təkrarlanacaq. Hər halda, indi klublarımızın əksəri bu sistemdən narazıdır və hər şey mövsümün sonunda formatın dəyişdiriləcəyinə doğru gedir. Artıq müzakirə olunan 10 komandadan ibarət 4 dövrəli sistemin mayda qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, “altılıq”da mübarizəyə martın 12-13-də start veriləcək.

1995/96 mövsümü
Yekun cədvəli


1-6-cı yerlər uğrunda


1. “Neftçi” 20 10 6 4 32-20 36
2. “Xəzri” 20 8 9 3 22-14 33
3. “Kəpəz” 20 9 5 6 34-21 32
4. “Turan” 20 9 3 8 26-30 30
5. “Qarabağ” 20 4 9 7 25-26 21
6. “Kür-Nur” 20 1 4 15 12-46 7

7-11-ci yerlər uğrunda

7. “Bakı fəhləsi” 16 9 2 5 26-18 29
8. “Viləş” 16 9 1 6 26-29 28
9. “Şəmkir” 16 7 4 5 31-18 25
------------------------------------------
10. OİK 16 6 2 8 14-16 20
11. “Pambıqçı”(N) 16 4 1 11 18-34 13

Bombardirlər: Nazim Əliyev (“Neftçi”/”Qarabağ”), Rövşən Əhmədov, Fazil Pərvərov (hər ikisi “Kəpəz”) – 23

1998/99 mövsümü
1-6-cı yerlər uğrunda


1. “Kəpəz” 10 8 1 1 17- 7 25
2. “Şəmkir” 10 5 1 4 10-10 16
3. “Neftçi” 10 4 3 3 11-7 15
5. “Qarabağ” 10 3 3 4 5-8 12
4. ANS-Pivani 10 2 3 5 5-8 9
6. “Dinamo” (B) 10 2 1 7 6-14 7

7-10-cu yerlər uğrunda

7. “Turan” 6 4 2 0 17-6 14
8. “Viləş” 6 2 3 1 16-12 9
9. OİK 6 2 3 1 8-7 9
10. “Bakılı” 6 0 0 6 0-16 0

11-14-cü yerlər uğrunda
11. “Şəfa” 6 5 1 0 18-3 16
12. “Kimyaçı” 6 3 2 1 15-9 11
---------------------------------------------
13. “Sahdağ” (Qusar) 6 2 1 3 9-12 7
14. “Dalğıc” 6 0 0 6 0-18 0

Bombardir: Alay Bəhramov (“Viləş”)- 24
0