Elnur Allahverdiyev “Qarabağ”dan ayrılır
10.03.2010 - 13:12
Elnur Allahverdiyev “Qarabağ”dan ayrılır
“Qarabağ”ın Avropa Liqasındakı, milli komandanın seçmə mərhələdəki oyunlarından sonra mənimlə bir neçə komanda maraqlanıb. Xüsusən də, bu il Premyer Liqaya vəsiqə qazanan “Anji”yə keçidim real idi. Mahaçqala təmsilçisi məni baxışa deyil, birbaşa müqaviləyə dəvət edirdi. Mahir Şükürovun transferindən sonra onlar mənimlə daha ciddi maraqlanırdılar. İstəyirdilər ki, qış “transfer pəncərəsi” zamanı mənimlə müqavilə bağlasınlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

27 yaşlı müdafiəçi bildirib ki, keçidi “Qarabağ”la müqaviləsi olduğuna görə baş tutmayıb: “Qarabağ”la müqaviləm yaya qədər nəzərdə tutulub. Onlara arxamı çevirib gedə bilməzdim. Çünki bu komandanın baş məşqçisi Qurban Qurbanov və rəhbərlik mənə pis gündə kömək olublar. İnşallah, məsələyə bir də yayda qayıdacağıq. Həmin vaxt əcnəbi klubların biri ilə müqavilə bağlayacağam. Artıq Azərbaycandan getməyin vaxtıdır”.

Qeyd edək ki, Elnur Hans-Yurgen Gede tərəfindən “Neftçi”dən qovulduqdan sonra “Qarabağ”a keçib.
0