“Bəzilərindən fərqli, mən həmkarımın uğuruna paxıllıq etməmişəm”
10.03.2010 - 13:46
“Bəzilərindən fərqli, mən həmkarımın uğuruna paxıllıq etməmişəm”
“Kamran Ağayevin zədələnməsi məni çox məyus etdi. Məni tanıyanlar yaxşı bilir ki, oynamaq üçün həmkarımın problemlərinə heç vaxt sevinməmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko deyib.

Cari mövsümdə Unibank Premyer Liqasında debüt etməyən 36 yaşlı qapıçı ölkə kubokunun 1/4 finalında “Qarabağ”la səfərdə keçirilən oyunda (1:2) meydana çıxdı. Kramarenko hazırda cənub təmsilçisində “çərçivə” qoruyucuları baxımından çətinliyin olduğunu gizlətmir: “Birdən-birə iki qapıçımız zədə üzündən kənarda qalıb. Kamranla yanaşı, Zabit Səfərov da problemlə üzləşib. Ağayevin zədələnməsinə ən çox üzülənlərdən biri mən oldum. Çünki ötən mövsüm ağır zədədən əziyyət çəkən gənc həmkarım hazırda yaxşı formada idi. Qapıçılarla işləyən məşqçimiz Hafiz Əliyevlə birgə Kamranın tez sağalması üçün əlimizdən gələni edirik. Ağayev artıq milli komandada da mövqeyini qaytarıb, inamlı oyun nümayiş etdirirdi. Hər şeyin yaxşı getdiyi bir vaxtda belə bir zədə... Ancaq nə etmək olar? Kamranın tezliklə sağalmasını gözləyirik”.

Kramarenko bildirib ki, bəzilərindən fərqli həmkarının uğurlarına qısqanclıq etmir: “Bundan söhbət gedə bilməz. Kamrana paxıllıq etmirəm. Əksinə, həmişə uğurlarına sevinmiş, uğursuzluqlarına üzülmüşəm. 17-18 yaşım yoxdur ki, belə hisslərlə yaşayım... İnanıram ki, hər şey yaxşı olacaq və Ağayev tezliklə yaşıl meydana qayıdacaq”.

Qeyd edək ki, Kramarenko Ağayevin yoxluğunda komandada kapitan sarğısını daşıyır.
0