“Orada “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” söhbəti yoxdur”
10.03.2010 - 14:37
“Orada “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” söhbəti yoxdur”
Azərbaycan milli komandasının və Hollandiya “Tvente” klubunun hücumçusu Vaqif Cavadovun müsahibəsi

- Zədəli olsanız da, milli komandanın almaniyalı baş məşqçisi Berti Foqts sizə dəvət göndərdi. İstərdik öncə bununla bağlı fikirlərinizi bildirəsiniz.
- Yığmanın düşərgəsində olmaq çox xoşdur. Ürəyim daima milli komanda ilə birgə döyünür. Hansı klubun formasını geyinməyimdən asılı olmayaraq, həmişə milli komandanı daha üstün tutmuşam. Yığmanın heyətində olduğuma görə çox şadam. Bizim kollektivimiz bir ailə kimidir. Hazırda milli komandanın heyətinə “Qarabağ”dan 9 futbolçu dəvət olunub. Amma bura gələndə, “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” söhbəti olmur. Bayaq dediyim kimi, biz milli komandaya bir ailə kimi yanaşırıq. Bu əla kollektiv ötən ildən formalaşıb və indiyədək xeyli irəliləyişə nail olub. Şübhəsiz ki, bunda əsas pay sahibi baş məşqçimiz Berti Foqtsdur.

- Hazırda Azərbaycan futbolunu Avropada təmsil edən yeganə futbolçu sizsiniz. Milli komandada öyrəndiklərinizin sizə xeyri deyirmi?
- Hər bir futbolçu yığmadan nəsə öyrənir. Hesab edirəm ki, artıq bizim üçün bu dövr arxada qalıb. Hazırda milli komandaya dəvət olunan futbolçular əsasən təcrübə toplamaq və komandaya uyğunlaşmaq üçün gəlirlər.

- Bir neçə əvvəl diz nahiyəsindən uğurlu əməliyyat olunmusunuz. İndi vəziyyətiniz necədir? Zədənizin tam sağaldığını demək olarmı?
- Şükür Allaha, indi hər şey yaxşıdır. Transferdən sonra zədələnməyim məni üzdü. Uğurlu əməliyyat keçdi. Bir-iki günə məşqlərə başlayacağam. İnşallah, yaxın zamanda “Tvente”də ilk oyunumu keçirəcəyəm. Baş məşqçidən tutmuş, klubdakı şəxslər mənə dəstək verdilər. “Tvente” klubu ilə 3,5+1 sistemi ilə müqavilə imzalamışam. Əsas məqsədim razılaşma dövründə layiqincə çıxış etməkdir.

- Özünüzdən başqa hansı futbolçuları Avropa klublarında oynayacaq səviyyəsində görürsünüz?
- Ölkəmizdə bir çox futbolçunun Avropa klublarında oynayacaq səviyyədə olduğunu düşünürəm. Hər bir oyunçuya legioner həyatı yaşamağı arzulayıram. Avropalıların Azərbaycan klublarına maraqları var. Milli komandanın və klubların oyunlarını izlədikdən sonra Avropada oynayacaq futbolçularımızın sayı çoxalacaq.

Mənbə: www.affavideo.az
0