“Biz mövsümü yenə “qızıl dubl”la başa vura bilərik” - FOTO
11.03.2010 - 00:01
“Biz mövsümü yenə “qızıl dubl”la başa vura bilərik” - FOTO
“Mövsümü titulla başa vurmaq şansı həmişə var. Üstəlik, komandamız artıq bir dəfə mövsümdə həm çempion olub, həm də kuboku qazanıb. Həmin vaxt olduğu kimi, yenə baş məşqçimiz Ağasəlim Mircavadovdur. Elə isə 2007-ci ildəki uğurumuzu niyə təkrarlamayaq?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko deyib.

Dörd ildir şərəfini qoruduğu komandada debüt mövsümündəcə “qızıl dubl” edən 36 yaşlı futbolçu həmin nəticənin təkrarlanmasını arzulayır. Bunun gerçəkləşməsini real sayan Kramarenkonun fikrincə, “altılıq”da onları çətin sınaq gözləyir: “Çünki rəqiblərimizin hamısı güclüdür. İlk rəqibimiz “Qəbələ” “altılıq”da sonda olsa belə, hesabdan silmək olmaz. Hətta son oyunlarda uğursuzluğa düçar olan “Neftçi”nin də öz sözünü deyəcəyini düşünürəm. Mən “altılığ”a düşən komandaların hamısını buna layiq sayıram. Rəqiblərimizin hər biri ilə oyunlar çətin olacaq. “Altılıq”dakı oyunların hər biri qızıla bərabər sayılacaq. Təsadüfi deyil ki, “qızıl xallar” nəzərə alınır”.

Qapıçı Azərbaycan kubokunda da uğurlu çıxışla bağlı nikbin danışıb. O, bunun üçün 1/4 finalda “Qarabağ”la cavab görüşündə lazım olan nəticəni əldə edəcəklərinə inanır: “Əlbəttə, Ağdamdakı oyunda hesabda irəli olduğumuz halda, sonda uduzmağımız üzücü hal idi. Üstəlik, rəqib qələbə topunu son saniyələrdə vurdu. Martın 17-də Lənkəranda cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxmalıyıq. Düzdür, səfərdə ən azı 1:1 hesablı nəticəyə ümid edirdik. Ancaq kubok oyunları üçün rəqib meydanında 1:2 hesablı məğlubiyyət heç də pis deyil. Hər halda, səfərdə vurulan qolun əhəmiyyəti böyükdür. Cavab görüşündə qarşımızda duran vəzifə qol vurub, eyni zamanda öz qapımızdan top buraxmamaqdır”.

Qeyd edək ki, Kramarenko “Qarabağ”la kubok görüşündə “Xəzər-Lənkəran”ın heyətində cari mövsümdə debüt oyununu keçirib.
0