“Çox istərdim ki, qələbə qolunu da mən vurum”
10.03.2010 - 15:10
“Çox istərdim ki, qələbə qolunu da mən vurum”
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Martın 12-də “altılıq”da ilk oyununuzu keçirəcəksiniz. “Bakı” ilə görüş haqda nə fikirləşirsiniz?
- Artıq “altılıq” oyunları başlayır ki, ilk matçda ciddi rəqiblə qarşılaşırıq. Əslində, “altılıq”dakı komandaların hamısı güclüdür. Çempionatda iddiası olan komandaları bir-birindən cəmi 2-3 xal ayırır. Elə bu səbəbdən hamı ilk turdan hər xal üçün mübarizə aparacaq. Biz də çalışacağıq ki, əlimizdən gələni edib yaxşı nəticə qazanaq.

- “Bakı” ilə oyuna hazırlıqlarınız necə gedir?
- Normal, digərlər hazırlıqlardan fərqlənmir. “Bakı” ilə oyuna bütün matçlara olduğu kimi yanaşırıq.

- Rəqibi necə dəyərləndirirsiniz?
- “Bakı”nın “Standard”la kubok görüşünü izlədik. Paytaxt təmsilçisi əvvəlki ilə müqayisədə daha yaxşı oynayır. Həmin qarşılaşmada, sadəcə, bir zərbə onları qələbədən məhrum etdi. Bu da standard vəziyyətdən vurulan qol idi. Ümumilikdə, “Bakı” güclü komandadır ki, bu sözləri “altılıq”dakı bütün rəqiblərimizə aid etmək olar.

- “Qarabağ” matça itki ilə çıxacaq. Sizin də yer aldığınız müdafiə xəttinin aparıcı simalarından olan Elnur Allahverdiyevin yoxluğu komandaya nə dərəcədə təsir edə bilər?
- Biz kollektiv oyun nümayiş etdiririk. Buna görə də bir, və ya bir neçə oyunçunun yoxluğu o qədər də hiss olunmur. Vaxt olub ki, mən də oynamamışam, başqası da. Meydana çıxanlar həmişə çalışır ki, olmayanların yoxluğunu hiss etdirməsinlər. “Bakı” ilə matçda da buna çalışacağıq.

- Mərkəz müdafiəçisi olsanız da, qol vurmağınız artıq qeyri-adi hal sayılmır. Elnurun yoxluğunda rəqib qapısına getməkdən çəkinməyəcəksiniz ki?
- Yalnız standard vəziyyətlərdə hücuma qoşuluram. Elnurun yoxluğunda da bunu edəcəyəm. Şükür Allaha ki, ehtiyat oyunçular skamyamızda olanlar da güclü futbolçulardır. Lazım gəldikdə bir-birimizi layiqincə əvəzləyirik. Bu dəfə də belə olar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

- “Xəzər-Lənkəran”la kubok oyununda da qollardan birinin müəllifi oldunuz. Komandanızın azarkeşləri yenə sizdən qol gözləsinlər?
- Əsas qələbə qazanmağımızdır. Lakin çox istəyərdim ki, qələbə qolunu da mən vurum.

- “Bakı” ilə I dövrədəki görüş Ağdamda keçirilməli idi. Lakin sonradan əldə olunan razılığa əsasən qarşılaşma paytaxta keçirildi. Bu rəqiblə I yox, II dövrədə öz meydanınızda oynayacaqsınız. Bu dəyişiklik komandaya necə təsir etdi?
- Hamı istəyər ki, mübarizəyə öz meydanında başlasın. Biz də “altılığ”in ilk qarşılaşmasının evdə keçirilməsini istəyirdik. Bu, əlavə üstünlük idi. “Xəzər-Lənkəran”la oyun göstərdi ki, meydanın ot örtüyü bir az yaxşılaşıb. “İnter”lə görüşədək daha yaxşı vəziyyətə gəlməsi üçün bir az da gözləməyə qərar verilib. Belə məsləhət bilindiyindən, oyunların yerinin dəyişdirilməsi ilə bağlı “Bakı” ilə razılıq da əldə olunub.
0