“Milan” və “Real” Çempionlar Liqasından kənarlaşdırıldı
11.03.2010 - 01:39
“Milan” və “Real” Çempionlar Liqasından kənarlaşdırıldı
Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələn ilk komandalar müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, “Arsenal” (İngiltərə) və “Bavariya” (Almaniya) 1/8 final mərhələsinin təkrar qarşılaşmalarını qələbə ilə başa vuraraq, qitənin ən mötəbər klub yarışında mübarizəni davam etdirirlər.

İngilislər iki həftə əvvəl “Portu”ya məğlubiyyətin (1:2) əvəzini artıqlaması ilə çıxıblar. London təmsilçisi portuqaliyalıların qapısından 5 cavabsız top keçiriblər. Matçın qəhrəmanı Norveç yığmasının futbolçusu Niklas Bendtner olub. O, rəqib qapısını 3 dəfə məyus edib.

“Bavariya” isə əzmkarlıq sayəsində mərhələ adlayıb. Münhenlilər ilk oyunda qələbə (2:1) qazansalar da, bu dəfə meydandan məğlub ayrılıblar. Amma rəqib meydanında vurulan qollara görə, almanlar 1/4 finala çıxıblar.

Ardıcıl 3 dəfə qitənin ən nüfuzlu klub turnirinin yarımfinalında oynayan “Mançester Yunayted” “Old Trafford”da “Milan”ı darmadağın edərək, növbəti mərhələyə yüksəlib. Britaniyalıların 4:0 hesablı qələbəsində Runi dubl edib, Park və Fletçer isə hərəyə bir dəfə fərqlənib.

“Milan” kimi, Avropanın ən titullu klubu “Real” da şok yaşayıb. Madrid təmsilçisi doğma publika qarşısında “Lion” səddini aşa bilməyib. Ronaldonun sayəsində erkən qol vurmasına baxmayaraq, “Kral klubu” 76-cı dəqiqədə öz qapısından buraxdığı topun əvəzini çıxa bilməyib. İlk oyunda fransızlar 1:0 hesablı qələbə qazandığından, ispanlar mübarizəni dayandırıb.

Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları

“Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) - 5:0

Baş hakim: Frank de Blekere (Belçika)
QOLLAR: Niklas Bendtner, 10; 25; 90; Samir Nasri, 63; Emmanuel Ebue, 66

“Fiorentina” (İtaliya) – “Bavariya” (Almaniya) - 3:2
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
QOLLAR: Xuan Manuel Varqas, 28; Stevan Yovetiç, 54; 64 - Marko van Bommel, 60; Aryen Robben, 65

“Real” (İspaniya) – “Lion” (Fransa) - 1:1
QOLLAR: Kriştianu Ronaldo, 6 - Miralem Pyaniç, 76
Hakim: Nikola Rizzoli (İtaliya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun - 0:1

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) - 4:0
QOLLAR: Ueyn Runi, 13; 46; Çji Sun Park, 59; Darren Fletçer, 88
Hakim: Massimo Buzakka (İsveçrə);
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 3:2
0