“Olimpik-Şüvəlan” PFL-i qeyri-səmimilikdə ittiham edir
10.03.2010 - 22:20
“Olimpik-Şüvəlan” PFL-i qeyri-səmimilikdə ittiham edir
Peşəkar Futbol Liqası (PFL) növbəti dəfə “Olimpik-Şüvəlan” klubunun müraciətini qəbul etməyib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, PFL “təyyarəçilər”in təqvimdə dəyişiklik etmək haqda təklifi ilə razılaşmayıb.

Bu səbəbdən “Olimpik-Şüvəlan” bəyanat yayıb: “Olimpik-Şüvəlan” rəhbərliyi PFL-ə məktub göndərərək, XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun 20.03.2010-cu il tarixdən 23.03.2010-cu il tarixinə keçirilməsini xahiş edib. Buna səbəb kimi Unibank Premyer Liqasının XXIV turunun oyunlarının Novruz bayramına təsadüf etməsi və futbolçuların bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusu göstərilib: “Kollektivin bu istəyinin milli dəyərlərə və Novruz bayramının ənənələrinə uyğun olmasını əsas tutan klub rəhbərliyi 26.02.2010-cu il tarixdə PFL qarşısında vəsatət qaldırmışdı. Bu məqsədlə hətta “Simurq” rəhbərliyinin razılığı da alındı və tərəflər mövqeyini rəsmi şəkildə bildirdilər. Lakin PFL heç bir tutarlı səbəb gətirmədən hər iki klubun təklifini rədd etdi. Konkret olaraq, Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov təqvimdə dəyişikliyə zərurət olmadığını bildirdi”.

Bəyanatda qeyd olunur ki, PFL-in mövqeyini peşəkarlığa uyğun saymaq olardı: “Amma bunun qeyri-səmimi olduğunu sübut edən fakt olmasaydı. PFL ötən ilin dekabr ayında bəzi klubların əcnəbi futbolçularının Yeni İl bayramı ilə bağlı analoji xahişinə müsbət cavab verərək təqvimdə dəyişiklik etmişdi. Məlumat üçün qeyd edək ki, onda PFL prezidentinin imzaladığı 168 saylı, 14 dekabr 2009-cu il tarixli əmrə əsasən XVII turun bəzi oyunlarının (Standard-Karvan, Qarabağ-Bakı, Qəbələ-İnter, Muğan-Xəzər-Lənkəran) vaxtı 1-2 gün əvvələ dəyişdirilərək 24.12.2009 tarixinə keçirildi. Məhz bu fakt bizdə haqlı olaraq PFL-in ortaya qoyduğu mövqeyin düzgün olmadığı haqda təsəvvür yaradır. Mövsüm ərzində klublardan xəbərsiz təqvimdə dəfələrlə dəyişiklik edən PFL-in xalqımız üçün əziz sayılan günlərdə peşəkarlıq nümayiş etdirmək istəməsi də bu mənada başa düşülmür və təəccüb doğurur. Buna görə də biz “Olimpik-Şüvəlan” olaraq PFL-in bu mövqeyinin milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirir və onların bu məsələyə yanaşma tərzi ilə qətiyyən razılaşmadığımızı bəyan edirik”.
0