İngilislərin “cümə axşamı”
12.03.2010 - 01:56
İngilislərin “cümə axşamı”
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmaların yarısı “sülh”lə başa çatıb. Özü də bu 4 görüşdən yalnız birində azarkeşlər qol görməyib. Ümumilikdə isə 19 qolun vurulduğu gündə qonaqlar cəmi bir qələbə qazanıb.

Yunanıstan səfərində gözlənilməz qələbə qazanan “Standard” 3:1 hesablı zəfərdən sonra özünü 1/4 finalda hiss edə bilər. “Panatinaikos”dan fərqli, öz meydanında oynayan digər komandalar uduzmayıb. Müvafiq olaraq, “Fulhem” və “Anderlext”i eyni – 3:1 hesabı ilə məğlub edən “Yuventus” və “Hamburq” səfər matçlarına nisbətən rahat çıxa bilər.

Maraqlıdır ki, 4 qolun vurulduğu bu 3 qarşılaşmanın hamısında eyni ssenari yaşanıb. Əvvəl 2 qol vuran komanda rəqibin fərqi minimuma endirməsindən sonra 3-cü dəfə fərqlənib. “Fulhem” kimi digər ingilis klubu “Liverpul”da səfərdən başıaşağı dönüb. Lakin minimal hesabla uduzan mersisaydlılar “Lill”lə cavab oyununda məğlubiyyətin əvəzini çıxmaq şanslarını itirməyib.

Əsl “cümə axşamı” əhval-ruhiyyəsinə düşən futbolun yaradıcılarından fərqli, almanlar günü uğurla başa vurub. Evdə qələbə qazanan “Hamburq”dan fərqli, səfərdə oynayan digər iki Bundesliqa təmsilçisi rəqib meydanını uduzmadan, üstəlik, qol vurmaqla tərk edib. “Verder” penaltidən qazandığı üstünlüyü fasilədən sonra əldən veribsə, “Volfsburq” Rusiya soyuğunda məğlubiyyətdən yaxa qurtara bilib. Bremenlilərin qonağı olacaq “Valensiya” üçün səfər amilinin böyük əhəmiyyət kəsb etmədiyini nəzərə alsaq ispanlar mərhələ adlamaq şanslarını itirməyib.

“Rubin” üçün isə Almaniya səfəri heç də asan olmayacaq. “Volfsvurq” kimi “Marsel” də səfər məğlubiyyətində zorla yaxa qurtarıb. UEFA prezidenti Mişel Platininin həmvətənləri yalnız son dəqiqədə bərabərlik qolunu vurub. Pireney derbisində isə azarkeşlər qol görməyib. “Qalatasaray”la matçlarda qələbəni rəqib meydanında qazanmağın mümkünlüyünü sübut edən “Atletiko” “Sportinq”lə cütün taleyini də ikinci oyuna saxlayıb.


1/8 final, ilk oyunlar

"Benfika" (Portuqaliya) – "Marsel" (Fransa) - 1:1
QOLLAR: Viktorio Maksimiliano Pereyra, 75 - Otem ben Arfa, 90
Baş hakim: Feliks Brıx (Almaniya)
Lissabon. "Da Luj" stadionu

"Panatinaikos" (Yunanıstan) – "Standart" (Belçika) - 1:3
QOLLAR: Lukas Vintra, 48 - Aksel Vitseı, 6; Milan Yovanoviç, 16; İgor Kamarqo, 74
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Afina. "Spiro Luis" stadionu

"Yuventus" (İtaliya) – "Fulhem" (İngiltərə) - 3:1
QOLLAR: Nikolya Leqrottalye, 9; Conatan Zebina, 25; David Trezege, 45 - Dikson Etuxu, 36
Baş hakim: Florian Mayer (Almaniya)
Turin. "Stadio Olimpiko" stadionu

"Valensiya" (İspaniya) – "Verder" (Almaniya) - 1:1
QOLLAR: Xuan Mata, 57 - Torsten Frinqs, 25 (p)
Baş hakim: Martin Atkinson (İngiltərə)
Valensiya. "Mestalya" stadionu

"Hamburq" (Almaniya) – "Anderlext" (Belçika) - 3:1
QOLLAR: Yoris Mataysen, 23; Ruud van Nistelroy, 40; David Yarolim, 76 - Jonatan Legear , 45
Baş hakim: Loran Dyuamel (Fransa)
Hamburq. "Nordbank Arena" stadionu

"Rubin" (Rusiya) – "Volfsburq" (Almaniya) - 1:1
QOLLAR: Kristian Noboa, 29 - Zvizdan Misimoviç, 68
Baş hakim: Pedru Proensa (Portuqaliya)
Kazan. Mərkəzi stadion

"Atletiko" (İspaniya) – "Sportinq" (Portuqaliya) - 0:0
Baş hakim: Piter Vink (Hollandiya)
Madrid. "Visente Kalderon" stadionu

"Lill" (Fransa) – "Liverpul" (İngiltərə) - 1:0
QOL: Larsen Ture, 85
Baş hakim: Klaus Bo Larsen (Danimarka)
Vilnev-d’Ask. "Lill Metropol" stadionu
0