“Əgər Bülənt Korkmazı istefaya çağırsalar...”
11.03.2010 - 19:45
“Əgər Bülənt Korkmazı istefaya çağırsalar...”
“Azarkeşləri qınamıram, “Bakı” həqiqətən də “Standard”la matçda bərbad oyun göstərdi. Komandamız özünə, adına layiqli tərzdə çıxış etmədi. Bununla bağlı, narazılığımızı futbolçulara iclasda çatdırmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Məmmədov martın 6-da Azərbaycan kubokunun 1/4 finalında “Standard”la ev matçında (1:1) azarkeşlərin “Bakı”nın baş məşqçisi Bülənt Korkmazı istefaya səsləməsinə münasibət bildirib. Klub rəsmisi bildirib ki, fanatlar öz hərəkətlərində sərbəstdirlər: “Azarkeşlərin ağzını bağlayası deyilik ki... Hər kəsin şəxsi fikri var. “İstefa” şüarları heç də plan və ya qurma deyildi. “Bakı”ya aid belə bir şey olmayıb, ola da bilməz. Ancaq biz Korkmazı istefaya səsləyənləri də başa düşürük. Axı, oyunçularımızın “Standard”la qarşılaşmada çıxışına futbol demək mümkün deyildi. “Bakı” indi Premyer Liqanın ilk hissəsində nümayiş etdirdiyi oyunun heç yarısını da göstərə bilmir”.

Bəs görəsən, sabah Premyer Liqanın növbəti turunda “Qarabağ”la görüşdə azarkeşlər eyni şüarı təkrarlasalar, “Bakı” rəhbərliyi nə tədbir görəcək? Zeynal Məmmədov bunun üçün də münasib addım atacaqlarını vurğulayıb: “Əvvəla, “Qarabağ”la matçda sərfəli nəticə qazanmağa çalışacağıq. Hər şey futbolçulardan asılıdır. Bülənt Korkmaz özü çıxıb oynamayacaq ki! Gərək futbolçular məsuliyyəti dərk etsinlər, “Bakı”nın adına layiq mübarizə aparsınlar. Əgər azarkeşlər yenə “istefa” şüarları səsləndirsələr, onlarla görüşəcəyik, fikirlərini, təkliflərini dinləyəcəyik”.
0