“Azərbaycana heyran oldum”
12.03.2010 - 11:00
“Azərbaycana heyran oldum”
“Azərbaycanda ilk dəfə 2 il bundan əvvəl olmuşam. Ötən müddət ərzində görülən işlər məni müsbət mənada təəccübləndirdi. Futbolun kütləviliyinin, təhsilin, infrastrukturun inkişafı üçün çox böyük işlər görülüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın Kütləvi Futbol Proqramı üzrə meneceri Robin Rassel deyib.

Bakıda səfərdə olan qurum rəsmisi AFFA-nın rəsmi internet saytına verdiyi müsahibədə Azərbaycan futbolundakı dəyişikliklərə heyran olduğunu bildirib: “Orta məktəblərdə tədris olunan futbol dərsini, məktəblilər arasında təşkil olunmuş turniri izlədim. Məktəbli qızların futbolla maraqlanmasını, qızlar arasında bu idman növünə həvəs yaranmasını xüsusilə qeyd etmək istərdim. Bu, yalnız qızlar arasında deyil, həm də bütövlükdə futbolun inkişafı üçün vacibdir. Çünki bu gün futbol oynayan 10-12 yaşlı qızlar gələcəkdə futbolçu olmasalar da, futbola bağlı qalacaqlar, futboldan uzaqlaşmayacaqlar. Bu, onların sağlam yaşamaları üçün də vacibdir”.

Rassel AFFA tərəfindən görülən bütün bu işlərin ümumilikdə futbolun inkişafı demək olduğunu düşünür: “Heç də hər ölkə dünya və Avropa çempionatının seçmə mərhələsindən uğurla keçə bilmir. Ancaq irəliyə - gələcəyə baxmaq, milli komandanın uğurları üçün kütləvi futbolu inkişaf etdirmək çox vacibdir. Mən bu gün ölkənizdə futbolun kütləviliyi naminə böyük işlərin görüldüyünü müşahidə etdim. Təbii ki, bütün bu işlər AFFA-da işlərin düzgün qurulduğunun göstəricisidir. Assosiasiyanız bu sahədə düzgün yol tutub”.
0